Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyənin İstanbul şəhərində bir sıra görüşlərdə iştirak edib

23 ноября 2018

Поделиться:

İstanbulda “Ailənin gücləndirilməsi” mövzusunda keçirilən III Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak edən Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyənin Qadın və Demokratiya Dərnəyinin (KADEM) sədri Saliha Okur Gümrükçüoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qadın və ailə məsələlərinə dair əməkdaşlığın vəziyyəti müzakirə olunub.

Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişaf dinamikasının istiqamətlərindən danışan Hicran Hüseynova bildirib ki, bu sahədə mükəmməl qanunvericilik bazası mövcuddur. Hökumətimiz gender bərabərliyi sahəsində davamlı olaraq mühüm qərarlar qəbul edir.

Türkiyədə KADEM tərəfindən 2014-cü ildən bəri təşkil olunan üç Sammitdə Azərbaycanın fəal iştirakına görə minnətdarlığını bildirən Saliha Okur Gümrükçüoğlu əminliklə deyib ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bu sahədə də dinamik inkişaf edəcək.

Görüşdə qaçqınlar və terrorizmin yaratdığı ailə problemlərinin həllinə dair səmərəli fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda, regional münaqişələr və terrorizm isə Türkiyədə böyük miqyasda qadın və ailə problemləri yaradıb. Hər iki dövlət bu problemlərin həlli üçün ciddi səylər göstərir.

Söhbət zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq bütün dünya üçün nümunədir. Bu sahədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə daha dolğun çatdırmaq üçün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirmək hər iki ölkənin maraqlarına uyğundur.

Komitə sədri həmçinin III Beynəlxalq Qadın və Ədalət Sammiti çərçivəsində Küveytin və İndoneziyanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Küveytin əmək və sosial işlər naziri Hind Sabah Barak əl-Sabah ilə görüşdə qadınların əmək hüquqlarının qorunması və ailə məsələlərinə dair əməkdaşlığın genişləndirilməsi barədə səmərəli fikir mübadiləsi aparılıb. Komitə sədri Hicran Hüseynova Azərbaycanın ailə, qadın və uşaq siyasəti, o cümlədən bu sahədə formalaşdırılan mükəmməl qanunvericilik bazası, gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlər, xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də İslam ölkələri ilə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ölkəsinin sosial işlər və əmək sahəsində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verən küveytli nazir Azərbaycan ilə əməkdaşlığın önəmini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın İndoneziyanın qadınların gücləndirilməsi və uşaqların müdafiəsi naziri Yohona Susana Yembise ilə görüşündə ölkələrimiz arasında qadın, ailə və uşaq məsələlərinə dair əməkdaşlığın perspektivləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, hər iki ölkə bu sahədə bir-birinə yaxın və sağlam mövqe nümayiş etdirir. Həmçinin bu sahədə ikitərəfli münasibətlərin inkişaf imkanlarından səmərəli istifadə edilməsinin və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

Hicran Hüseynova bildirib ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətdə ailə, qadın, uşaq problemlərinin həlli prioritet istiqamətlərdən biridir.

İndoneziyalı nazir Azərbaycanda reallaşdırılan qadın siyasətini, habelə ailə və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirib.