“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Xəzər rayonunda keçirilib.

25 сентября 2018

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilmişdir.

Layihənin Xəzər rayonu üzrə açılış tədbiri 25 sentyabr 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Mərdəkan Mədəniyyət Sarayında keçirilib.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini
Arif Balayev tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Arif Balayev çıxışında qeyd edib ki, ailə cəmiyyətin fundamental hissəsidir və Azərbaycanda ailə dəyərləri çox yüksək qiymətləndirilir.
            “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Azər İsalı layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, bu istiqamətdə qəbul edilən qanunlardan söhbət açaraq bildirdi ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Bununla yanaşı qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək, bu mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına məlumat verib. “Ailə Akademiyası”nın bu istiqamətdə yeni layihə olduğunu bildirən Sədaqət Qəhrəmanova, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.

Valideynlərin uşaqlarına qarşı məsuliyyətinin çox önəmli məsələ olduğunu bildirən Sədaqət Qəhrəmanova qeyd edib ki, hər bir doğulan uşaq diqqət mərkəzində olmalı və qayğı ilə əhatə olunmalıdır.

Sədaqət Qəhrəmanova internetin eləcə də, sosial şəbəkələrin gənc nəsilə olan təsirlərini qeyd edərək layihənin bu istiqamətdə də faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Səbayıl rayon Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Təranə Kərimova layihənin əhəmiyyətini xüsusi vurğulayaraq  bildirdi ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etdiyini qeyd edən Təranə Kərimova ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov , Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova, Cümə məscidinin axundu Hacı Soltan Əlizadə müxtəlif mövzular əsasında bu cür maarifləndirici layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan bəhs ediblər.

Tədbir yekunlaşdıqdan sonra qonaqların iştirakı ilə Mərdəkan bələdiyyəsi  tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

         Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.