Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda Qadınların Regional Konfransı keçirildi

5 июля 2018

Поделиться:

5 iyul 2018-ci il tarixində Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda Qadınların Regional Konfransı keçirilib. Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Konfransın keçirilməsində məqsəd rayon qadınlarının öz problem və perspektivlərini ifadə etmək üçün ictimai platforma olmaqla yanaşı, kənd qadınlarının prioritetlərinin milli dövlət siyasətində əks etdirilməsinə nail olmaqdır. Ümumilikdə konfrans rayon icmalarında daha güclü liderlik roluna sahib olmaq üçün qadınların təşviq olunması; kənd və rayon qadınlarının problemlərinin açıq müzakirəyə çıxarılması; rayon qadınlarının başqa rayonlardan gələn xanımlarla şəbəkələşməsi; yerli səviyyədə fəallıq və milli səviyyədə təmsil olunmaq üçün qadınların təcrübə mübadiləsi və strateji əməkdaşlıq üçün şərait yaradılması kimi mövzuların müzakirəsini əhatə edib.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT İnkişaf Proqramının, Qadın Resurs Mərkəzlərinin nümayəndələrinin, Salyan, Sabirabad, Neftçala, Masallı, Biləsuvar rayonlarından olan qadınların, qeyri-hökumət təşkilatı nümayəndələrinin,özəl sektorun və beynəlxalq təşkilatların iştirakı ilə baş tutub.  

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirakçıları salamlayaraq bütün təşkilatçılara layihənin uğurlu icrasına görə təşəkkürünü bildirib. İcra başçısı Salyanda qadınların fəallığının artırılması, onların biznes  sahələrinə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, Salyanda mövcud olan sahibkarlıq obyektləri haqqında məlumat verərək, qeyd edib ki, bu cür layihələr qadınların potensialının artırılması, iqtisadi sahədə bilik və bacarıqlarının artırılması, onların fəaliyyəti üçün mühüm şəraitin yaradılması baxımından olduqca əhəmiyyətlidir.  

S.Hətəmov eyni zamanda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” layihəsinin əhəmiyyətini qeyd edib. İcra başçısı layihənin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu addımın salyanlılar üçün böyük bir iş demək olduğunu bildirib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Sədaqət Qəhrəmanova "Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi" layihəsinin təşkilatçılığı və layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumatları diqqətə çatdırıb. O, Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramının, Coca-Cola şirkətinin reallaşdırdığı sosial və iqtisadi layihələrin əhəmiyyətini vurğulayıb: "Layihələr çərçivəsində keçirilən maarifləndirici təlimlər, qadınların öz bacarıq və qabiliyyətlərini ortaya qoymaq, öz bizneslərini qurmaq, ailələrinə iqtisadi dəstək vermək, ailədə bir şəxsiyyət kimi formalaşmalarına öz müsbət təsirini göstərmişdir. Layihə göstərdi ki, qadınların ölkənin inkişafına töhfə verilməsində, yoxsulluğun aradan qaldırılmasında kişilərlə birgə rolu böyükdür." O bildirib ki, növbəti dəfə biz Zaqatalada qadınların çiçəklənməsi naminə ağacəkmə mərasimi keçirməyi planlaşdırırıq. 

Komitənin sədr müavini qeyd edib: "Layihə imkan verdi ki, qadınların iqtisadi səlahiyyətlənməsi daha da artsın. Hər bir sahədə olduğu kimi, iqtisadi baxımdan da qadınların sərbəstləşməsi, öz işlərini qurması, özlərini cəmiyyətin fəal üzvü olan şəxsiyyət kimi hiss etmələri baxımından həyata keçirilən bütün tədbirlər qadın hüquqlarının qorunmasına töhfə verir". O bildirib ki, yaradılan Qadın Resurs Mərkəzləri qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərir.

Qeyd edilib ki, mayın 30-da Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu keçirilib: "Ötən 100 illik dövr göstərdi ki, Azərbaycanda gender münasibətləri və bərabərliyi hələ o dövrdə mövcud olub”, - deyə Sədaqət Qəhrəmanova bildirib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Alessandro Frakassetti tədbirin iştirakçılarının əksəriyyətinin qadınlardan ibarət olmasının sevindirici bir hal olduğunu qeyd edib. Bildirib ki, burada toplaşmaqda məqsəd rayon yerlərində qadınların üzləşdiyi problemləri müzakirə etmək və həll yollarını tapmaqdır: "Qadınların iqtisadi fəllığının artırılması ölkələr tərəfindən onların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərindən biri də məhz gender bərabərliyinim təmin edilməsidir. Azərbaycan da bu sənədə qoşulan ölkələrdən biridir." Alessandro Frakassetti Sabirabad,

Neftçala, Biləsuvar, Masallı, Salyan rayonlarında layihə çərçivəsində görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumatları diqqətə çatdırıb. 

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya Regionu üzrə Baş Meneceri Eser Sevinc Manav Azərbaycana ikinci dəfə gəlişinin sevinc hissi doğurduğunu bildirərək, layihənin uğurunu qeyd edib. O deyib ki, qadınların iqtisadi fəallığı, bütün sahələrdə iştirakı insan kapitalı, ölkənin iqtisadi inkişafı deməkdir. Azərbaycanın iqtisadi potensialının artırılması istiqamətində əhəmiyyətli işlər görülür, praktiki addımlar atılır. Eser Sevinc Manav bildirib ki, qadınların bu prosesdə iştirakı üçün geniş imkanların yaradılması mühüm əhəmiyyət kəsb edir və sevindirici haldır ki, həyata keçirilən layihələrə beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələri də cəlb olunur. O qeyd edib ki, Coca-Cola şirkəti təkcə içki istehsal edən kompaniya deyil, eyni zamanda böyük sosial layihələr həyata keçirən bir şirkətdir. Və biz qadınlara dəstək olmaq üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. 

Daha sonra Biləsuvar Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru Natəvan Əzizova, Sabirabad QRM-nin koordinatoru Aygün Əliyeva, Neftçala QRM-nin koordinatoru Gülqədəm Mirzəzadə, Masallı QRM-nin  koordinatoru Nərgiz Muxtarova, Salyan QRM-nin koordinatoru Sevda Quliyeva çıxış edərək Qadın Resurs Mərkəzlərinin öz fəaliyyətləri və təcrübələri haqqında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda mərkəzlərin BMTİP ilə Komitənin əməkdaşlığının uğurlu nəticəsi və rayon qadınlarının sosial fəallığının nümunəsi olduğu qeyd edilib. Ardınca Resurs Mərkəzlərin fəaliyyət və uğurlarını əks etdirən video çarxlar nümayiş olunub.

Konfrans çərçivəsində Salyanda qadın biznesinə dəstək proqramının qaliblərinə sertifikatlar təqdim edilib.

Daha sonra Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası rəhbəri Səkinə Babayevanın moderatorluğu ilə “Rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar bizneslər, həyətyanı təsərrüfatlar  və sair qadın biznesləri)” mövzusunda, AQUPDK-nın Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə “Rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişilməsi, davamlı təhsil və sair)” mövzusunda, Qadın problemləri və Gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskayanın moderatorluğu ilə “Rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və sair)” mövzusunda dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. 

Dəyirmi masalar rayon qadınlarının iqtisadi və sosial problemlərinin müzakirəsi üçün ictimai platforma kimi təqdim olunub. Davamında səsləndirilmiş əsas müddəalar iştirakçılara təqdim olunub.  

Sonda Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova yekun nitqi ilə çıxış edərək, bütün qadınlara səmərəli fəaliyyətlərində uğurlar arzu edib.