“Mən buradan erməni qadınlarına müraciət edərək demək istəyirəm: ölkənizin Azərbaycana qarşı təcavüzünə son qoyun, Azərbaycan torpaqlarının işğalını dayandırın. Yalnız bu halda biz qadınlar Cənubi Qafqazda sülhə nail ola bilərik”.

28 сентября 2015

Поделиться:

Bu sözləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda işə başlamış Avrasiya Qadınlar Forumunun açılışında söyləyib. Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan üçün ən böyük problemlərdən biri qaçqın və məcburi köçkün məsələsidir. Artıq 25 ildən çoxdur Azərbaycanın qaçqınların və məcburi köçkünlərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün xeyli iş gördüyünü vurğulayan komitə sədri qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarının bir hissəsini itirmiş ölkəmiz, təəssüf ki, öz ərazi bütövlüyünü bərpa etmək üçün müdafiə sahəsinə böyük vəsait ayırmaq məcburiyyətindədir. Halbuki bu vəsaiti daha dinc məqsədlərə sərf etmək olardı.

 

H.Hüseynova, həmçinin Azərbaycanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi və dəstəyi ilə qadın və uşaqların hüquqlarının müdafiəsi, ailə dəyərlərinin qorunub saxlanması istiqamətində görülən işlərdən danışıb.

Qeyd edək ki, Forumda dünyanın 85 ölkəsindən 700-dən çox qadın iştirak edir. Azərbaycanı tədbirdə Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirin açılış mərasimində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək bildirib ki, qadınlar dialoqa, diplomatiyaya, humanitar qərarlara daha meyillidirlər. O deyib: “Qadınların əksəriyyəti hegemonluq qazanmağa, digər dövlətlərə nə edəcəklərini diktə etməyə çalışan bəzi ölkələrin yaratdığı süni gərginliyi dəstəkləmir. Forum iştirakçılarının məqsədi dünya birliyinə aid mühüm məsələlərin həlli üzərində birlikdə işləməyin mümkün olduğunu nümayiş etdirməkdir”.

Forumun açılışında çıxış edənlər arasında Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets, UNESCO baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Nada Al-Naşif, Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti Svetlana Medvedeva, Çin, Vyetnam, Laos, Belarus və bir çox digər ölkələrin tanınmış dövlət xadimləri, ictimaiyyətin nümayəndələri də var.

Tədbirdə sosial məsələlər, ailə, səhiyyə, təhsil, mədəniyyət sahələri ilə yanaşı, dünyada baş verən hadisələr, regional münaqişələr, müharibələr və humanitar fəlakətlər və sair diqqət mərkəzində olub, onlara ümumi qiymət verilib.

X X X

Forum çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuat nümayəndələri üçün brifinq keçirib. O, jurnalistlərin suallarına cavab verərkən bildirib ki, Azərbaycan üçün ailə ənənələri əsas dəyərlərdən biridir. Lakin son vaxtlar dünyada bu dəyərlərin əsaslarının laxladılmasına cəhd göstərilir. Forum iştirakçıları milli dəyərlərə zidd təbliğatın qarşısının alınması yollarını axtarmağa, bu vasitələrin qanunvericiliklə möhkəmləndirilməsi imkanlarını araşdırmağa çalışırlar. H.Hüseynova Azərbaycanda qeyri-hökumət təşkilatlarının ailə və qadın problemlərinə dair tədbirlərdə yaxından iştirak etdiyini vurğulayıb. O əlavə edib ki, bu təşkilatların yaxından iştirakı ilə keçirilən təbliğat kampaniyası sayəsində Azərbaycanda bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayı ildən-ilə artır. Komitə sədri deyib: “Ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və hər il dövlət büdcəsindən ciddi maliyyə dəstəyi alır. Hər hansı qeyri-hökumət təşkilatı layihələrini həyata keçirmək üçün bu Şuraya müraciət edib qrant götürə bilər. Hazırda Azərbaycanda 200-ə yaxın qadın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir”.

X X X

Forumun iştirakçıları iki gün ərzində plenar iclaslarda, “dəyirmi masa”larda müzakirələri davam etdirirlər. Nümayəndə heyətlərini zəngin mədəni proqram gözləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq