Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Nyu-Yorkda keçirilən toplantıda iştirak edib

27 сентября 2015

Поделиться:

27 sentyabr tarixində Nyu-Yorkda “Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması üzrə Qlobal Liderlərin Görüşü: Fəaliyyət üçün öhdəlik” mövzusunda dövlət və hökumət başçılarının iştirakı ilə tədbir keçirilib. Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

  Sammit Çin Xalq Respublikasının sədri Si Cinpinin və BMT-nin baş katibi Pan GiMunun təşəbbüsü, BMT-nin himayəsi ilə baş tutub. Zirvə görüşündə Hicran Hüseynovanın “Pekin Bəyannaməsinin və Fəaliyyət Platforması”nın tam icrası ilə bağlı Azərbaycan tərəfinin konsensusunu nümayiş etdirən bəyanatı yayılıb. Hicran Hüseynova Pekin Platformasının 20 illiyinin Azərbaycanda qeyd olunması haqqında da ətraflı məlumat verib.  O, eyni zamanda, bildirib ki, Platformadan sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində  müəyyən olunmuş 12 strateji istiqamət  üzrə ölkəmizdə çox güclü və əsaslı tədbirlər həyata keçirilmişdir.  Azərbaycanın qadın hüquqlarına dair Qlobal gündəliyə sadiq olduğunu vurğulayan Dövlət Komitəsinin sədri gender bərabərliyi sahəsində yeni təşəbbüslərdən, əməkdaşlıq perspektivlərindən söz açıb.

  Daha sonra Komitə sədri BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin ilə də görüşüb. B.Osotimehin Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender problemlərinin aradan qaldırılması məsələlərinin qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətini qeyd edib.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdağlığın və təcrübə mübadiləsinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə, Hicran Hüseynova  B.Osotimehini bu ilin noyabrında Bakıda keçiriləcək qadın məsələlərinə dair beynəlxalq konfransa dəvət edib.