Nyu-York şəhərində Qadınların Vəziyyəti üzrə Komissiyanın 62-ci sessiyası keçirilir

13 марта 2018

Поделиться:

 

12-13 mart tarixlərində Nyu-York şəhərində Qadınların Vəziyyəti üzrə Komissiyanın 62-ci sessiyası keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Kəndli qadın və qızların gender bərabərliyinin təmin olunması və hüquqlarının genişləndirilməsində çətinliklər və imkanlar” mövzusu üzrə  məruzə ilə çıxış edib.

Sədr müavini bildirib ki, bu il bizim üçün çox əlamətdardır. Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmaqla başlasa da, hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir. Onlar bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli və ardıcıl fəaliyyəti nəticəsində ölkəmizdə qadınların inkişafı, gender bərabərliyinin təmin olunması istiqamətində sistemli şəkildə ardıcıl tədbirlər həyata keçirilir”, deyə qeyd edən Aynur Sofiyeva bildirib ki, qadınların fəallığının və potensialının artırılması üçün davamlı olaraq milli qanunvericilik sistemində islahatlar həyata keçirilir, qəbul olunan bütün qanunların gender ekspertizası aparılır. Eyni zamanda, bu gün aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iştirakçılığının artırılmasıdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi davam edir. Bununla bağlı Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların yazılması sahəsində qadınlara təlimlər keçirilir. Xüsusilə, kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, əsasən də banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir.

Sonda sessiyanın işinə uğurlar arzulayıb və bildirib ki, inanıram ki, bu yığıncaq qadın iştirakçılığının artırılmasına, xüsusi ilə kəndli qadınların sosial və iqtisadi həyatda fəallığının yüksəldilməsinə mühüm töhfələr verəcəkdir.

Daha sonra Dövlət Komitəsinin sədr müavini “Təhsil, infrastruktur, texnologiya və bəslənmə daxil olmaqla, kəndli qadın və qızlarının gücləndirilməsində yaxşı təcrübələr” adlı dəyirmi masada çıxış edib.