Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

6 марта 2018

Поделиться:

   8 mart Beynəlxalq Qadınlar Günü- qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.

   Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.

   Bu ilki 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirimiz “Azərbaycan Qadınına Seçki Hüququ”nun verilməsinin 100-illiyinə həsr olunmuşdur.

  Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. 

  Cəmi 28 ay yaşamasına baxmayaraq , Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox dünya ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi Xalq Cumhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.  

       Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2018-ci il tarixində, saat 15.00-da “JW Marriott Absheron” Otelinin Şərq zalında “Azərbaycan Qadınına  Seçki Hüququ verilməsinin 100 illiyi” münasibəti ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir ənənəvi olaraq,  rəsmi və bədii hissədən ibarət olacaqdır.

Tədbirdən əvvəl qonaqlar saat 13.30-da Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və “Azad Qadın” heykəlini ziyarət edəcəklər.

Daha sonra “Azərbaycan Xalq Cumhuriyyəti – dövründə qadınlar” adlı film nümayiş olunacaqdır.

Rəsmi hissədə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də  ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaqdır.

Hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  mükafatlandırılacaqdır.

Bədii hissədə konsert proqramı olacaqdır.

  Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.