Komitə sədri Hicran Hüseynova “Diplomatiyada qadınlar” mövzusunda məruzə ilə çıxış edib

5 марта 2018

Поделиться:

      Azərbaycan Diplomatik Akademiyasının təşkilatçılığı ilə  “Diplomatiyada Qadın Liderliyinin Gücləndirilməsi” üzrə layihə həyata keçirilir. Layihə çərçivəsində diplomatiya sahəsində işləyən qadınlarda liderlik keyfiyyətlərinin aşılanması, bu keyfiyyətləri fərqləndirən qiymətləndirmələrin aparılması, liderlik, mentorluq, iddialı ünsiyyət, emosional bacarıqlarının öyrənilməsi üzrə dinləmələr aparılacaqdır.         Məqsədlərdən biri də diplomatiya, siyasət və biznes sahəsində çalışan  rəhbər vəzifəli  qadın liderlərinin  uğur hekayələri əsasında təcrübələrin qazanılmasıdır. Eyni zamanda, şəxsi brendinqdə praktik iclaslar, məhsuldarlığı artırmaq üçün vasitələr, image konsaltinqi vasitəsilə fərdi və peşəkar güvənin gücləndirilməsi üçün biliklərin örədilməsi, məsləhətlərin verilməsi nəzərdə tutulur. Martın 7-nə qədər davam edən treninqdə dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, tanınmış ictimai xadimlərin mühazirələri dinləniləcəkdir.

     Martın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova gənc diplomat qadınlarla görüşüb  və “Diplomatiyada qadınlar” mövzusunda məruzə ilə çıxış edib. Komitə sədri əvvəl diplomatiyanın tarixindən, onun əas prinsiplərindən, müasir dövrdə tutduğu mövqedən bəsh edərək bildirib ki, müasir beynəlxalq vəziyyət 20-30 il bundan öncəsindən xeyli dərəcədə fərqlənir: “Qloballaşan dünyada etnik, maliyyə, sosial və digər problemlər daha da kəskinləşdi. Diplomatiya tarixində  bu qədər regional və qlobal problemlər və onların həllinə bu qədər dövlətin qoşulması prosesinə təsadüf edilmir. Bunlar isə diplomatlardan daha da incə, düşünlümüş fəaliyyət tələb edir. Digər tərəfdən, informasiya texnologiyaların inkişafı diplomatların işini asanlaşdırsa da, onlardan daha çevik olmağı, baş verən hadisələrə və əldə etdikləri informasiyaya daha operativ şəkildə reaksiya verməyi tələb edir. Çünki onların köməyi, məsləhətləri, rəyləri olmadan ali səviyyədə görüşlər keçirilmir.” Professor Hicran Hüseyova diplomatiyada xanımların rolundan, Azərbaycan qadınlarının bu sahədəki fəaliyyətindən ətraflı məlumat verib. O qeyd edib ki, çox sevindirici haldır ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də qadınlarımız fəal şəkildə çalışırlar. Latın Amerikası, Şimali Amerika, Asiya, Avropa və digər qitələrdə qadınlarımız kişi həmkarları ilə birgə Azərbaycanın maraqları naminə çalışaraq, ölkəmizin mənafeyini layiqincə qoruyurlar. Hazırda səfir statusunda 2 qadın çalışır. Biz çox inanırıq ki,  səfir  qadınlarımızın sayı ildən- ilə artacaqdır. Komitə sədri diplomat qadınların  üzləşdikləri çətinliklərdən, onların həlli yollarından  danışaraq bildirib ki, “hər bir insan öz peşəsini sevərsə, məsuliyyətini dərk edərsə onun üçün heç bir peşə və fəaliyyət növü çətinlik törədə bilməz”.

Görüş müzakirələrlə davam edib.