Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçirildi

4 oktyabr 2017

Paylaş:

04 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişət zorakılığına dair elektron məlumat bankının təqdimatı keçirilib.

Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir və  xüsusən də, məişət zorakılığı öz aktuallığı ilə seçilir. Yaşından, cinsindən, təhsilindən, sosial statusundan, sağlamlıq imkanlarından  asılı olmayaraq, heç bir insan  zorakılığa məruz qalmaqdan sığortalanmayıb: “Dünyanın diqqətində olan bu  problem Azərbaycan cəmiyyətini də narahat edir.  Bizim məqsədimiz ailədə, məişətdə baş verən  zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”. Zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yalnış stereotipləri dəyişmək üçün  müvafiq dövlət orqanları və qeyri- hökumət təşkilatları ilə səmərəli  iş birliyi olmasının  vacibliyini qeyd edən Komitə sədri ildirib ki, bu işdə bizə  əsas dəstək olan  Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu, eləcədə digər nüfuzlu  beynəlxalq təşkilatlarla  birgə çox güclü layihələr keçirir, araşdırmalar aparırıq.  

Hicran Hüseynova vurğulayıb ki, cənab Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb: “İnsan hüquqlarının, xüsusi ilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq  müsbət nəticələrimiz var. Yerliöüzünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri,  tələbələr üçün fakultativ dərslər keçirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının üzvlərindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin  edilmişdir”. O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci ildə  207 nömrəli qərarı ilə  “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”  təsdiq edilmiş və bu sahədə müvafiq işlər görülmüşdür: “Məişət zorakılığının qarşısının alınması  istiqamətində Məlumat  Bankı yaradılmasının bir sıra müsbət cəhətləri var. İlk növbədə biz araşdırmalara əsaslanaraq  ictimaiyyətin diqqətini bu məsələyə yönəldirik, xüsusilə regionlarda, hətta kəndlərdə görüşlər keçiririk. İkincisi isə müəyyən edirik ki, hansı istiqamətdə  iş aparılmalı və daha da təkmilləşdirilməlidir”.

Daha sonra çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, məişət zorakılığı ilə bağlı elektron məlumat bankı “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində hazırlanmışdır. Elektron məlumat bankının fəaliyyəti isə layihənin dayanıqlığını təmin edəcək əsas komponentlərindən biridir.

O qeyd edib ki, məlumat bankının olması bu sahədəki dinamikanı müşahidə etməyə imkan verəcək: “Biz bankın hazırlanması prosesində etdiyimiz araşdırmalar nəticəsində regionda olan ölkələrdə belə bir mexanizmin olmamasını aşkara çıxardıq. Bu təcrübə hələ bir çox region ölkələrində yoxdur. Məlumat bankının olması məişət zorakılığından əziyyət çəkən insanları izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən layihələrin səmərəli olduğunu qiymətləndirməyə kömək göstərəcək”. Fərid Babayev məlumat bankının modelinin bütün regionda ən yaxşı təcrübələrdən biri olacağına inandığını deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis məişət zorakılığının cəmiyyətin əsaslarına ciddi zərbə vurduğunu bildirib. O bildirib ki, Agentlik “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” adlı 2 illik gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verir.

M.Meredes deyib ki, dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir, yaxud digər tərzdə zorakılığa məruz qalır. O, məlumat bankının yaradılmasını məişət zorakılığının qarşısının alınması istiqamətində atılan vacib addım hesab etdiyini diqqətə çatdırıb və bildirib ki, məlumat bazası gender əsaslı zorakılıqdn əziyyət çəkən qurbanı olan şəxslərə qarşı məhkəmə, səhiyyə, sosial və digər xidmətlərin təminatı baxımdan əhəmiyyətli bir alətdir.

Sonra “E-box” şirkətinin baş direktoru Şamo Salayev bankın onlayn fəaliyyəti barədə məlumatı təqdim edib. Təqdimatda bankın fəaliyyəti, texniki məsələlər, lazımlı informasiyaların yerləşdirmə prosesi barədə iştirakçılara ətraflı məlumat verilib.

"AzInTelecom” MMC-nin Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev çıxış edərək Data Mərkəzin təqdimatı və İnformasiya təhlükəsizliyi haqqında məlumatları qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova-Abbasova məişət zorakılığı ilə bağlı məlumat bankının 2015-2017-ci illər üzrə fəaliyyətinin icmalı ilə əlaqədar təqdimatla çıxış edərək banka toplanan məlumatlar əsasında ortaya çıxan statistik rəqəmləri diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.