1 oktyabr “Beynəlxalq ahıllar günü” ərəfəsində uzunömürlü ailələrlə görüş keçirilib

2 oktyabr 2017

Paylaş:

BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə əsasən 1 oktyabr tarixi bütün dünyada “Beynəlxalq ahıllar günü” kimi qeyd olunur.

1993-cü ildən etibarən ölkəmizdə qeyd olunan bu tarix ərəfəsində hər il müxtəlif tədbirlər və görüşlər həyata keçirilir. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan yaşlı nəslə, ahıllara qarşı qayğı və diqqət, onların sosial problemlərinin araşdırılması və həlli məsələləri günü-gündən ölkəmizdə daha da geniş vüsət alır, bu istiqamətdə yeni qanun layihələri hazırlanır, dövlət proqramları uğurla həyata keçirilir.

30 sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Bakıxanov və Pirşağı qəsəbələrində yaşayan 2 uzunömürlü ailənin evində görüş keçirilib. 67 il birgə ömür sürmüş Avil Əliyev (91 yaş) ilə Roza Əliyevanın (93 yaş) və 65 il birgə ailə həyatı sürmüş, çoxuşaqlı Balabəy Qəhrəmanov (85 yaş) ilə Bağdagül Qəhrəmanovanın (82 yaş) ailəsində keçirilən görüşlərdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sabunçu RİH-i başçısının müavini Rəna Fərəcova, “Sağlam Ailə” Ultralab Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli, Dövlət Komitəsinin və Sabunçu RİH-nin nümayəndələri iştirak ediblər.

Tarixi Azərbaycan ailə modelindən, uzunömürlü və xoşbəxt ailələrin keçdiyi çətin, keşməkeşli yollardan söhbət açılan görüşlərdə ailə başçılarının ölkə rəhbərliyinə onlara hər zaman göstərilən qayğı və diqqətə görə minnətdarlığı ifadə edilib. Sonda ailələrə Dövlət Komitəsi tərəfindən hazırlanmış plaketlər, İcra Hakimiyyəti tərəfindən hədiyyələr və Tibb Mərkəzi tərəfindən tibbi müayinə kuponları təqdim olunub.