Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatı keçiriləcək

29 sentyabr 2017

Paylaş:

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il tarixli, 207 nömrəli qərarı ilə “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” Qaydaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli, 537 nömrəli Fərmanının 1.1.-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaratmışdır.

Bununla əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  BMT-nin Əhali Fondu ilə birgə 4 oktyabr 2017-cı il saat 11:00 tarixində Hökumət Evinin Konfrans zalında Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatını  keçirəcək.

Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın,  Millət vəkillərinin, beynəlxalq təşkilatların, nazirliklərin, yerli İcra Hakimiyyətlərinin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatlardan olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.