Görkəmli kimyaçı Rəfiqə Əliyevanın xatirəsini dərn hüznlə yad edirik

20 sentyabr 2017

Paylaş:

Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi ilə çox önəmli elmi tədqiqat işləri aparılmışdır. 

Rəfiqə Əliyeva Azərbaycan elminin kimya istiqamətində özünəməxsus iz qoyub. O, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Rəfiqə Əliyevanın fəaliyyətində kimyanın inkişafı ilə ətraf mühitin qorunması mühüm istiqamət olmuşdur.

O, mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib alim kimi elm, təhsil, maarifçilik tarixinə adını qızıl hərflərlə yazdırıb. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. 

Rəfiqə Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, elmi-maarifçilik mühitində fəallığı ilə hər zaman seçilib. Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alimin xatirəsi gələcək nəsillərin qəlbində daim yaşayacaqdır.