Azərbaycan qadınlarının IV qurultayı keçirilib

14 iyun 2013

Paylaş:

İyunun 14-də Azərbaycan qadınlarının IV qurultayı keçirilib. “İnkişaf naminə birlik” devizi altında baş tutan qurultayda 1815 nümayəndə ilə yanaşı, xaricdən dəvət olunan qonaqlar da iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının həyatında əlamətdar hadisə olan 4-cü qurultayın keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq edib. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra qurultay öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bütün qadınlar adından təbrik məktubuna görə dövlət başçısına minnətdarlıq edib və bildirib ki, ölkəmizin qadın ictimaiyyətinin ümumi rəyi nəzərə alınaraq “Ülviyyət” ictimai mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya verilib. Qurultayın işçi orqanları - katiblik, mandat və redaksiya komissiyaları seçildikdən sonra “Azərbaycanda dövlət qadın siyasəti” filmi nümayiş etdirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsində ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən danışıb, bütün bunların əhalininin sosial rifahına güclü təsir göstərdiyini vurğulayıb. “Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında fəallığı ilə seçilir” deyən Hicran Hüseynova bildirib ki, ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən komitə sədri vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət həyata keçirir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir. Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması ilə bağlı bir sıra layihələrin həyata keçirildiyini deyən Hicran Hüseynova ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığını, qəbul olunan dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyini, “Azərbaycan 2020-gələcəyə baxış” inkişaf konsepsiyasında ailə strategiyası və gender bərabərliyi ilə bağlı müddəaların əksini tapdığını bildirib. Komitə sədri Azərbaycan qadınlarının növbəti prezident seçkilərində ölkəmizin dinamik inkişafına və sabit gələcəyinə səs verəcəklərinə və İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini ifadə edib və bir daha qurultatın əhəmiyyətini vurğulayıb. YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva YUNESKO-nun baş direktoru İrina Bokovanın qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin sədri Nikol Amelinen və Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahinin videomüraciətləri səslənib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonios Bruk təmsil etdiyi təşkilatın yarandığı vaxtdan dünyada qadın hüquqlarını təşviq etdiyini və bununla bağlı beynəlxalq miqyasda bir çox təşəbbüslər irəli sürdüyünü deyib. Qadınlarla bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini mütərəqqi addım kimi qiymətləndirən Antonios Bruk gender bərabərliyi ilə bağlı fəaliyyət mexanizminin ölkəmizdə uğurla reallaşdığını bildirib və bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils Azərbaycanda qadınlarla bağlı tarixən mütərəqqi addımların bir çox inkişaf etmiş Avropa ölkələrindən əvvəl atıldığını bildirib. BMT-nin Avropa iqtisadi komissiyasının icraçı komitəsinin gender və sosial məsələlər üzrə məsul şəxsi Malinka Koparanova qadınların cəmiyyətdəki inkişafın aparıcı qüvvəsi olduğunu, qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda xeyli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Rusiya Federasiyası Dövlət Dumasının əmək, sosial siyasət və veteranlar üzrə komitəsi sədrinin birinci müavini Alla Kuzmina cəmiyyətdə qadın həmrəyliyinə hər zaman ehtiyac olduğunu deyərək Azərbaycanda qadınların dövlət strukturlarında iştirakına geniş imkanların yaradıldığını bildirib və ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasəti hazırda Prezident İlham Əliyevin davam etdirdiyini diqqətə çatdırıb. Sonra mandat komissiyasının sədri, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova komissiyanın hesabatını səsləndirib. Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, ötən qurultaydan keçən 5 ildə qarşıya qoyulan vəzifələrə nail olunub. Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında, bu çərçivədə ölkədə dövlət qadın siyasətinin formalaşmasında və həyata keçirilməsində mühüm xidmətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə reallaşdırıldığını diqqətə çatdırıb. Vitse-spiker Azərbaycan qadınlarının ölkədə Heydər Əliyev siyasətinin bundan sonra da davam etdirilməsinə tərəfdar olduğunu və bu siyasətin növbəti 5 ildə də davam etdirilməsi üçün prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib.  Bahar Muradova Azərbaycan qadınlarının hazırda dövlət idarəçiliyində, həmçinin, parlamentdə yüksək səviyyədə təmsil olunduğunu və qadın hüquqlarının qanunvericiliklə tənzimlənməsində xüsusi fəaliyyət mexanizminin mövcudluğunu vurğulayıb.  Naxçıvan MR baş nazirinin müavini Təranə Quliyeva muxtar respublikada dövlət qadın siyasəti çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə ölkəmizdə qadına münasibətin bütün dövrlərdə yüksək səviyyədə olduğunu deyib. Qadınların bütün cəmiyyətlərdə ədalət, humanizm mücəssəməsi kimi çıxış etdiyini və dünyanın nicatı naminə xanımların bu missiyanı daşımağa hər zaman borclu olduqlarını bildirib. Sonra uşaqların hazırladığı bədii proqram təqdim olunub. Qurultay öz işini davam etdirir.