Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova Çində səfərdə olub

5 iyun 2015

Paylaş:

2015-ci il 1-5 iyul tarixlərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında görüşlərdə olub.

İkitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə baş tutan səfər Ümumçin Qadınlar Federasiyasının (ÜQF) dəvəti ilə reallaşıb.

Hicran xanım Hüseynovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini, Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe ilə görüşü keçirilib.

Görüş zamanı Şen Yüeyüe əvvəlcə bu ilin aprel ayında Azərbaycana etdiyi səfəri xatırlaraq diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.

Sonra ÜQF-nin sədri Şen Yüeyüe Azərbaycanın qadın hərəkatı sahəsində təcrübəsinin əhəmiyyətli məqamlarını da bildirərək bu sahədə əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün daha faydalı olacağını qeyd edib. O, Çində dövlət qadın siyasəti sahəsindəki vəziyyət barədə danışıb, qadınların dövlətin və cəmiyyətin idarə edilməsindəki fəal rolu barədə ətraflı məlumatlar verib.

Daha sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək əvvəlcə dəvətə görə təşəkkürünü bildirərək Azərbaycan Respublikasının ÇXR ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib.

Komitə sədri son illər sürətli inkişafı ilə beynəlxalq aləmdə seçilən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlar barəsində danışıb və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qadın siyasətinin əsas istiqamətlərindən, qazanılan uğurlardan, ölkəmizin müxtəlif sahələrində qadınların siyasi, iqtisadi, humanitar, elmi və digər sahələrdə əldə etdikləri böyük nailiyyətlər haqqında məlumat verib. Hicran xanım Hüseynova həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında qadınlarımızın iştirakçılığının artdığını diqqətə çatdırıb.

Hicran xanım Hüseynova Pekində Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını da irəli sürüb.

Komitə sədri onu da qeyd edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva öz aktiv fəaliyyəti ilə Azərbaycan qadını obrazını yaradaraq şəxsi örnəyə çevrilmişdir. Hicran xanım Hüseynova həmçinin ölkənin birinci xanımının rəhbərliyi altında həyata keçirilən beynəlxalq tədbirlər, xüsusən də İlk Avropa Oyunları haqqında geniş məlumat verib.

Komitə sədri Ümumçin Qadınlar Federasiyasının sədri Şen Yüeyüe və sədr müavini xanım Men Siaosini böyük məmnunluqla Azərbaycana səfərə dəvət edib.

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva, BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Paşayeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, professor Reyhan Hüseynova, AQUPDK-nın xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak edib.