“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı geniş maarifləndirmə layihəsinin növbəti tədbiri keçirilmişdir

12 iyun 2014

Paylaş:

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, ziyalılar, fəal gənclər və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon Heydə Əliyev Mərkəzinin direktoru Naminə Öməröva qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil xanım Əliyeva, Azərbaycan xanımının xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq, gələcək nəsillərə ötürülməsində müstəsna rola malik olduğunu qeyd etmişdir. Hazırda milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı, ümummilli problemlərin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidməti olan Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın haqq- ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınlarının eləcə də dünya qadınları üçün əsl örnək olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova çıxış edərək, qeyd edib ki, Komitə tərəfindən mütəmadi olaraq dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması mqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir. Sədaqət xanım cəmiyyətin kiçik ailələrdən ibarət olduğunu və ailələrdə yaranan problemlərin cəmiyyətdə öz əksini tapdığını və buna görə də cəmiyyətin formalaşmasında əsas fiqur kimi qadın olduğunu qeyd etmişdir.
Tədbirdə həmçinin Yasamal Rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri Almaz Qasımova, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Samir Qarayev, Azərbaycan Tibb Universitetinin Biokimiya kafedrasının professoru Tahirə Əsgərova, Yeni Azərbaycan Partiyasının rayon Qadınlar Şurasının sədri, Pediatriya İnstitutunun Baş Həkimi Tamilla Şahbazova və Böyük Vətən Müharibəsi veteranı Həzi Məmmədov çıxış edərək layihənin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. İştirakçıların yüksək fəallığı ilə müşayiət olunan tədbir ərzində maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır.

Sonda tədbir iştirakçılarına komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitləri paylanılmışdır.