“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir keçiriləcək

27 iyul 2017

Paylaş:

Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” adlı layihə həyata keçirilir.           

Layihə çərçivəsində keçirilən görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edir, öz fikir və təkliflərini birbaşa olaraq aidiyyəti nümayəndələrə çatdıra bilirlər. Bələdiyyə orqanlarında keçirilən görüşlərin yerli sakinlərin iştirakı ilə il ərzində mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.

“Ailə Akademiyası” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində görüşlər cəmiyyət üzvləri ilə aktiv dialoq şəklində baş tutaraq, bələdiyyə orqanlarının yerlərdə nüfuzunun daha da artmasında faydalı əhəmiyyət daşıyır.

Layihə çərçivəsində növbəti regional tədbir 31 iyul 2017-ci il tarixində, saat 11:00-da Hacıqabul Rayon İcra Hakimiyyəti ilə birgə Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Regional tədbirdə Hacıqabul, İmişli, Sabirabad, Biləsuvar, Beyləqan rayonlarının və Şirvan şəhərinin aktiv yerli özünüidarəetmə orqanlarının iştirakı planlaşdırılır.

Tədbirin rəsmi açılış hissəsində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatın nümayişi, növbəti hissənin isə bələdiyyədə rayon icma nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.