Qəbələ rayon Yengicə kəndində “Məişət zorakılığı və onun yaranma səbəbləri” mövzusunda tədbir keçirilib

16 dekabr 2016

Paylaş:

Qəbələ   Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzinin   təşkilatçılığı   ilə dekabrın 16-da  insan  hüquq  və  azadlıqlarının müdafiəsinin  səmərəliliyini   artırmaq məqsədilə Qəbələ rayon Yengicə  kənd   məktəbində  “Məişət  zorakılığı  və onun  yaranma  səbəbləri“  mövzusunda  tədbir  keçirilib. Qəbələ rayon qeydiyyat  idarəsinin  rəisi,  rayon  məhkəməsinin, polis  şöbəsinin  əməkdaşlarının və icmadan olan insanların  iştirakı  ilə  keçirilən  tədbirdə çıxış edənlər “Məişət  zorakılığının  qarşısının alınması haqqında” Azərbaycan  Respublikasının Qanunu  barədə  məlumat verib, məişət  zorakılığı ilə  əlaqədar maarifləndirmə  işlərinin aparıldığına  baxmayaraq, bu  sahədə  hələ  də  problemlərin  olduğunu, məişət  zorakılığı  nəticəsində ailələrdə,  uşaqlarda   psixoloji  gərginlik yarandığını qeyd ediblər. Qeydiyyat idarəsinin rəisi 2015-ci il ərzində boşanma ilə əlaqədar olan 151 müraciətin əksəriyyətinin məişət zorakılığı və ailə münaqişəsi səbəbindən baş verdiyini bildirib.

İcma  üzvləri   müzakirələrdə aktiv iştirak edib və bu sahədə maarifləndirmə tədbirlərinin daha geniş auditoriyada təşkil edilməsi təklifini irəli sürüblər.