Qadınların şəxsi inkişafı üzrə təlimlərin növbəti mərhələsi başa çatdı

9 iyun 2017

Paylaş:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.

Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib.

Təlimlərin ilk mərhələsi çərçivəsində “Mənim sevimli dayəm” adlı tədris layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi dayə peşəsi üzrə işləmək istəyən qadınlara peşəkar təlimçilər tərəfindən müvafiq təlimlərin verilməsi və sertifikatlaşdırılmasıdır.

Layihənin ikinci mərhələsi İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Peşəkar aşpaz” adlı təlimlərin keçirilməsi ilə baş tutub. Ümumilikdə, aşpazlıq kurslarına üç qrup iştirakçı qatılıb.

2017-ci ilin aprel-iyun ayları ərzində davam edən 72 saatlıq təlim sessiyası sonunda iştirakçılar İƏT Gənclər Forumu və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlarla təltif edilib.

Yaxın gələcəkdə qadınlar üçün digər önəmli ixtisaslar üzrə təlimlərin də təşkili planlaşdırılır.