“Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüşdə Komitə sədri çıxış etdi

6 may 2017

Paylaş:

6 may 2017-ci il tarixində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilib.

UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən görüşdə dünyada baş verən zorakı ekstremizmə qarşı mübarizədə qızların təhsilinin rolu müzakirə edilib.

UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Forumun yüksək səviyyədə təşkilinə və xüsusi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Təhsilin cəmiyyətdəki mühüm rolundan danışan İ.Bokova bildirib ki, qızların təhsil almaları və cəmiyyətdəki fəaliyyətləri gender bərabərliyinin əsas məqsədlərindəndir. Təhsilin qızların həyatındakı vacib rolundan danışan Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata, Ruandanın birinci xanımı Janet Kagame bir çox ölkələrdə qadınlara qarşı törədilən zorakılıq hallarından danışıb, bunun qızların təhsil almasına əks təsirini vurğulayıb.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolundan danışan təhsil naziri müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbinin məhz Bakıda açıldığını və ilk dəfə olaraq səsvermə hüququnun da azərbaycanlı xanımlara verildiyini qeyd edib. O deyib: “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunub”.

Komitə sədri Hicran Hüseynova bildirib ki, radikalizm, zorakılıq, ksenofobiya, ayrı-seçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur.

Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edən komitə sədri bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.

Yüksək səviyyəli görüşün iştirakçıları birgə qlobal humanitar çağırış qəbul ediblər.