15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans çərçivəsində 4 mövzu üzrə panel müzakirələri keçirildi

15 may 2017

Paylaş:

15 may 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə günü”nə həsr edilmiş  “Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu” adlı konfrans keçirilib.

Komitə tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində 2008-ci ildən etibarən hər il may ayında “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibətilə keçirilən tədbirlərin davamı olaraq, Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan konfransın məqsədi tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi, eləcə də ailə dəyərlərimizin təbliğidir.

Aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, görkəmli ziyalıların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda 4 əsas panel üzrə çıxışlar edilib.

“Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” adlı I paneldə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şirin Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınn professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və Sağlam Ailə Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli çıxış edərək, cəmiyyətin əsas sosial təsisatlarından biri olan ailə institutu, özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat verərək, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyətini qeyd ediblər, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixiloqu anlayışları haqqında məlumat veriblər, eyni zamanda ailə ənənələrimizin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıblar.

“Ailənin funksiyaları: iqtisadi faktorlar” adlı II paneldə AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Həmkarlar Komitəsinin sədri Aygün Məmmədova, Sahibkarlar Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhərində yerləşən “Dünya” məktəbinin direktoru Münəvvər Bayramlı, BMT-nin İnkişaf Proqramının “Kəndli qadınların sosial və iqtisadi inkişafına dəstək” layihəsinin rəhbəri Nadir Quluzadə çıxış edərək, ailə büdcəsinin mahiyyəti, onun planlaşdırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınların sahibkarlıq fəaliyyətinə aktiv şəkildə cəlb olunması məsələlərini diqqətə çatdırıblar.

“Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri” adlı III panel üzrə Komitənin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis-polkovniki Adıgözəl Adıgözəlov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məişət zorakılığı ilə bağlı işçi qrupunun nümayəndəsi, şəhər prokurorunun müavini Kamran Mahmudov, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva çıxışlarında ailə siyasətinin həyata keçirilməsi istiqamətində mövcud olan qanunvericilik bazasında aparılan təkmilləşdirmə işləri, məişət zorakılığınn qarşısının alınması məqsədilə görülən mühüm işlər, zorakılıq qurbanlarının müdafiəsi və digər məsələləri vurğulayıblar.

 Son panel “İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər” adlı altında keçirilib. BDU-nun Jurnalistika fakültəsinin elmi-işlər üzrə dekan müavini Sevinc Əliyeva, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Flora Xəlilzadə,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçisi Aysel Hadiyeva, Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova, Milli Televiziya və Radio Şurasının Təşkilati-analitik şöbəsinin rəisi Təvəkkül Dadaşov çıxışlarında informasiya texnologiyalarının yayıldığı, qloballaşma dövründə ailə ənənələrinin yaşadılmasının və mənfi təsirlərdən ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd ediblər.

Konfrans Sumqayıt şəhərində yaşayan müxtəlif millətləri təmsil edən ailələrin həyat tərzini və milli adət-ənənələrini əks etdirən, eləcə də ailələrin əl işlərindən ibarət sərgi və rəsmi hissə ilə davam edib.