Komitə sədrinin Özbəkistan Respublikasının Baş Nazirinin müavini ilə görüşü keçirildi

24 aprel 2017

Paylaş:

24 aprel 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Qadın Məsələləri Komitəsinin sədri Tənzilə Narbayeva ilə görüşü keçirilib.

Hicran Hüseynova Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Qadın Məsələləri Komitəsi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi, qadınların parlamentdə, bələdiyyədə, qərarqəbuletmədə, idarəetmədə təmsilçiliyinin və müxtəlif sahələrdə səlahiyyətlərinin artırılması, qadınların iqtisadi fəallığının genişləndirilməsi, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər istiqamətlərdə ölkəmizin təcrübəsi qonaqların diqqətinə çatdırılıb.  Komitə sədri Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası haqqında danışaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin rəhbərliyi ilə qadınların bütün sferalarda özlərini təmsil etmələri üçün hər cür şərait yaradılmışdır və bu məsələlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılır, həmçinin ölkəmizdə qəbul edilmiş bütün Qanunlar gender ekspertizasından keçirilir. O, qadın hüquqlarının qorunması shaəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayının artırılmasının vacibliyini də bildirib.

Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyini qeyd edib.

Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Qadın Məsələləri Komitəsinin sədri Tənzilə Narbayeva səmimi qəbul üçün minnətdarlığını bildirib. O, ölkəsində qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri, qadınlara bütün sahələrdə geniş imkanların yaradılmasını qeyd edib. Tənzilə Narbayeva Özbəkistanda gender bərabərliyinin təmin olunması sahəsində xüsusi Qanunun qəbul olunması istiqamətində müvafiq işlərin görüldüyünü, eyni zamanda Azərbaycandakı kimi qadınlar üçün nikah yaşının 18 yaşa qaldırılması ilə bağlı təkliflər irəli sürüldüyünü diqqətə çatdırıb. Tənzilə Narbayeva statistik rəqəmləri qeyd edərək onu da bildirib ki, Özbəkistanda sağlamlıq imkanları məhdud uşaqların doğuşu 30 faiz azalmışdır.

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikası Qadın Məsələləri Komitəsi arasında gələcək əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Sonda ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandumun imzalanması məsələsi və  gələcəkdə reallaşdırılacaq birgə layihələr müzakirə olunub.