“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirilib

13 aprel 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə tədbirlər davam etdirilir və bu istiqamətdə növbəti tədbir 13 aprel 2017-ci il tarixində Xətai rayonunda yerləşən 56 nömrəli tam orta məktəbdə keçirilib. 2 hissəli tədbirdə məktəbin yuxarı sinif şagirdləri və məktəbdə təhsil alan şagirdlərin valideynləri, eyni zamanda Komitə əməkdaşları iştirak edib.

Valideynlərlə birgə keçirilən görüşü giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbir iştirakçılarına ölkədə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti ilə bağlı qısa məlumat verərək, Komitənin qeyd olunan hər 3 istiqamətdə mütəmadi olaraq cəmiyyət üzvləri arasında bir çox layihələr həyata keçirdiyini vurğulayıb. Azərbaycan ailəsinə xas milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği, valideyn-uşaq-məktəb üçlüyündə yaranan aktual problemlərin həlli yolları, erkən nikah və qan qohumluğu əsasında yaranan nikahların yaratdığı fəsadlar, internet təhlükəsizliyi, zərərli vərdişlərə qarşı mübarizə kimi mövzular ətrafında çıxış edən G.Məmmədova, valideynləri daha diqqətli olmağa, mövcud problemlərlə bağlı vaxtında mütəxəssislərə müraciət etməyə səsləyib. Tədbirdə valideynlərin hüquqi məsələlərlə bağlı sualları Komitənin Ailə Problemləri şöbəsinin baş məsləhətiçisi Rafiq Mahmudov tərəfindən cavablandırılıb.

Tədbirin yuxarı sinif şagirdləri ilə birgə keçirilən 2-ci hissəsində “Mən həyatı seçirəm” adlı təqdimatla çıxış edən Komitənin Ailə Problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva və həmin şöbənin məsləhətçisi Azər İsalı şagirdlərə yeniyetməlik dövrünün çətinlikləri, bu istiqamətdə ailədə yaranan problemlərin həlli yolları, internet təhlükəsizliyi, reproduktiv sağlamlıq, zərərli vərdişlərə qarşı mübarizə və s. mövzular ətrafında geniş məlumat verib. Daha sonra tədbirdə şagirdlərlə birgə müzakirələr aparılıb.

Hər iki tədbirdə “Azərbaycan ailəsi” film festivalına təqdim olunan və layihə çərçivəsində maarifləndirmə əhəmiyyəti olan filmlər nümayiş olunub. Sonda məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan və çap olunan maarifləndirmə vəsaitləri, kitablar təqdim olunub.