Dövlət Komitəsi tərəfindən insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirici təlim keçirilib

12 aprel 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.4-cü bəndinin (“Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi”) icrası məqsədilə, 12 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün maarifləndirici təlim keçirilib.

Təlimi giriş sözü ilə açan Gömrük xidməti polkovniki, Gömrük Akademiyasının rəis müavini Nizami Quliyev uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət haqqında məlumat verərək, onların sosial və hüquqi müdafiəsi haqqında dövlət tərəfindən atılan mühüm addımları yüksək qiymətləndirib.

Sonra sosial çarx nümayiş etdirilib.

Daha sonra Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib. Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik, Milli Fəaliyyət Planı haqqında məlumat verərək bildirib ki, Azərbaycan dövləti bu sahədə ehtiyacı olan bütün standartlara və mexanizmlərə sahibdir.

Daha sonra “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov Uşaq hüquqlarının qorunması və insan alveri ilə mübarizə sahəsində Qeyri-hökumət təşkilatlarının rolu mövzusunda çıxış edərək bildirib ki, bu gün uşaq və qadın hüquqlarının müdafiəsi, məişət zorakılığının, erkən nikahların qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları geniş fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev tərəfindən iştirakçılara insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, onların profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.