Region qadınlarının ictimai-siyasi fəallığının daha da artırılması istiqamətində iş aparılır

25 iyul 2014

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə Azərbaycan Respublikasının regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların ictimai-siyasi fəallığının daha da artırılması məqsədilə regional görüşlər keçirir.

İyulun 25-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən regional görüşdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını təmsil edən fəal qadınlar iştirak etdilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə qarşıdan gələn bələdiyyə seçkilərində qadınların fəallığının artırılması və dövlət qadın siyasətinin əsas istiqamətləri haqqında ətraflı məlumat verdi. Komitə sədri bildirdi ki, tədbir bələdiyyə seçkilərində qadınların elektoral fəallığının yüksəlməsi, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılması dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılmasına və gender bərabərliyinin təmin olunmasına xidmət edir.

Görüşdə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı qadınlar şurasının sədri Ramilə Seyidova, Quba Rayon Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının sədri Solmaz Mehdiyeva, Şabran rayon Pirəmsən kənd bələdiyyəsinin sədri Turac Zəkiyeva, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, YAP Xaçmaz rayon təşkilatı qadınlar şurasının sədri Sevinc Sədullayeva və Xızı rayonundakı Giləzi qəsəbə tam orta məktəbinin direktoru Svetlana Rüstəmova çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdülər.