“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı növbəti tədbir keçirilmişdir

16 avqust 2014

Paylaş:

Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət ailə siyasətinin prioritet istiqamətini təşkil edir. 

Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması,  onlara sağlam həyat tərzinin aşılanması istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır ” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.

Layihə çərçivəsində növbəti tədbir 15.08.2014 tarixində Qazax rayonunda yerləşən N saylı hərbi hissədə hərbi hissənin şəxsi heyətinin və ekspertlərin iştirakı ilə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan hərbi hissənin nümayəndəsi polkovnik-leytenant Loğman Xanlarov əsgər və zabit heyətini salamlamış, keçirilən  tədbir haqqında qonaqları məlumatlandırmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova öz növbəsində hərbi hissənin şəxsi heyətini, xanımları salamlamış və çıxış edərək ailə siyasəti istiqamətində dövlət tərəfindən görülən işlər, ailənin rifahının yaxşılışdırılması istiqamətində dövlət proqramları və qərarları haqqında məlumat verdi. O, nikahın qurulması zamanı seçimin düzgün olmasının,  ailədə qarşılıqlı hörmət olmasının, valideynlərin fikirlərinə önəm verilməsinin vacibliyindən bəhs etmişdir.. Sədaqət xanım həmçinin erkən nikahın, zərərli  vərdişlərin, ailədə yaşanan zorakılıq hallarının insan sağlamlığında, psixologiyasında və ailə həyatında yaratdığı problemlərdən də danışdı.

Daha sonra çıxış edən sahibkar qadın, “Qızıl əllər” müəssisəsinin rəhbəri Zemfira Ağayeva ailə həyatı qurarkən hər hansı bir sənətlə məşğul olmağın vacibliyini vurğulası. O, rəhbərlik etdiyi kurslardan istifadəyə ehtiyac olarsa dəstək olacağını bildirdi.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülayə  Həsənova çıxışında tədbirin əhəmiyyətini bir daha vurğuladı.

Tədbiri öz çıxışları ilə davam etdirən çavuş Ismayilov, Rəşad İsmayılov, Elnar Həsənov, Lövhət Hüseynzadə və Elşad Mehdiyev ailələrin möhkəm təməl üzərində qurulmalı olduğunu, ailədə zorakılıq halları yaşandığı və nikahın pozulduğu zaman  ailədə olan psixoloji gərginliyin uşaqlara pis təsir etdiyini bildirmişlər.

Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr  aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Hərbi hissənin kitabxanasına Komitə tərəfindən hazırlanmış çap materialları təqdim olunmuşdur.