“Zəfərin uşaqları” hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

31 may 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı, “Hədəf Şirkətlər Qrupu” MMC-nin baş sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 2 iyun 2023-cü il tarixində, saat 15:00-da “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi XI ANAİB Kitab Sərgisində (Xırdalan Heydər Əliyev Mərkəzi, II Xırdalan Kitab Sərgisi) baş tutacaqdır.
Müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir.
Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmaqla yanaşı, dahi şəxsiyyətin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və mükafatla təltif ediləcək.
Mükafatlar:
Birinci yer – I dərəcəli diplom və 1000 manat;
İkinci yer – II dərəcəli diplom və 500 manat;
Üçüncü yer – III dərəcəli diplom və 300 manat.
Bundan əlavə, hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.
Kitab şəklində nəşr ediləcək ən çox bal almış sıralaması şərti xarakter daşıyan ilk 10 hekayənin qalibləri aşağıdakılardır:
- Aqil Kərimli;
- Elay İsmayılov;
- Xatirə Kərimova;
- Mirvari Ağakişiyeva;
- Mülayim Hümmətova;
- Nahid Hacıyev;
- Nuranə Abbasova;
- Sevinc Elsevər;
- Sülhiyyə Şirinova;
- Vidadi Vaqifoğlu.