8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

6 mart 2023

Paylaş:

6 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir başlayıb. Davamında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələrdən və dövlət siyasətindən bəhs edən film nümayiş olunub.

Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bugünkü tədbirin Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edildiyini bildirərək, onun Azərbaycan dövləti və xalqı üçün fədakarlığından bəhs edib, bütün həyatını, bilik və bacarığını Azərbaycan xalqına həsr etdiyini söyləyib. Dahi şəxsiyyətin müstəqil dövlətimizin quruculuğu yolunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq qarşısında hər zaman ehtiramla yad edildiyini və hər kəsin qəlbində minnətdarlıq hissi ilə yaşadığını vurğulayıb.

O, Heydər Əliyevin qoyduğu ənənənin bu gün də davam etdirildiyini və qadınlarımızı ilk cənab Prezidentin təbrik etdiyini diqqətə çatdırıb. Bildirib ki, hər il ölkə başçısının Sərəncamı ilə qadınların təltif edilməsi onları gələcəyə ruhlandıran addımdır və Azərbaycanın həyatında oynadığı rola, bütövlükdə insanlığın həyatındakı roluna verilən dəyərdir.

B. Muradova qeyd edib ki, biz qəhrəmanlıq səlnaməsi yazan igidlərimizin şücaəti, Ali Baş Komandanın yüksək təşkilatçılıq və bənzərsiz sərkərdəlik məharətinin nəticəsi olan Zəfərdən sonrakı günləri yaşayırıq və bu günlərin hər anı qəhrəmanlıq hissləri ilə doludur: “Böyütdüyümüz, boya-başa çatdırdığımız oğulları, qızları bu torpaq uğrunda qurban verməyimiz həm də Azərbaycan qadınlarının qəhrəmanlığıdır, fədakarlığıdır. Bu baxımdan bizim bir üzümüz kədər, bir üzümüz sevinc doludur. Son hadisələr də onu göstərir ki, bu müqəddəs torpağın azadlığı, dirçəlişi və intibahı üçün qurbanlar verməkdə davam edirik. Amma bu, bizi ruhdan salmamalı, qarşıda dayanan hədəflərə doğru bir vətəndaş olaraq, azərbaycanlı olaraq xidmət etməkdə davam etməliyik”.

O, ölkə prezidentinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması üçün tapşırıq verdiyini xatırladıraraq, Qərbi Azərbaycan icmasının yaradıldığını və geniş bir şəkildə əhalinin müxtəlif təbəqələri ilə, həmçinin beynəlxalq aləmlə işlərin aparıldığını qeyd edib: “Bizim qarşımızda dayanan ən böyük hədəflərimizdən biri Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıtmaqdır. Bu məqsəd bizim ən ülvi məqsədimizdir”.

B. Muradova əlavə edib ki, Konstitusiyamızın, qanunlarımızın, dövlətimizin bizə qazandırdığı üstünlüklərdən istifadə edərək, bundan sonra da Azərbaycan üçün faydalı olmağa çalışmalı, bu torpağın hər bir nöqtəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına öz töhfəmizi verməliyik.

Çıxışının sonunda Bahar Muradova il ərzində fəaliyyəti ilə fərqlənən, eyni zamanda siyasi sahədə seçilən qadınların uğur sevincini bölüşüb. O, xalqa xidmət, fədakarlıq və xeyirxahlıq simvolu olan xanım Mehriban Əliyevanın açdığı yolu uğurla getməyə hazır olduğumuzu bəyan edib və başda Birinci vitse-prezident olmaqla bütün qadınları təbrik edib.

Daha sonra Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mükafatlandırılan qadınlar təbrik edilib.

Təltif edilən Nübarək Hüseynova Ağdam rayonundan məcburi köçkün olan qadınların adından çıxış edərək onların işğaldan azad edilən torpaqlarımıza güclü və inkişaf etmiş vətəndaşlar kimi qayıdacaqlarını qeyd edib. İradə Rzazadə cənab Prezidentin göstərdiyi etimadı doğruldaraq, əhalinin Qərbi Azərbaycana qayıdış prosesinə töhfə verməyə çalışacaqlarını bildirib.

Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə çalışan, görkəmli ictimai xadimlərin adları qeyd olunub.

Tədbir bədii proqram ilə davam edib.