Bahar Muradova “Nüfuzlu qadınların birinci beynəlxalq konqresi”ndə iştirak edib

22 yanvar 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İran İslam Respublikasının Tehran şəhərində keçirilən “Nüfuzlu qadınların birinci beynəlxalq konqresi”ndə iştirak edib.

İranının birinci xanımı Cəmilə Ələmolhodanın təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Azərbaycan hökuməti adından hər kəsi salamlayaraq, belə mötəbər bir tədbirdə iştirakdan məmnunluğunu ifadə edib.

O bildirib ki, lider qadınların müxtəlif formatlarda əməkdaşlıq imkanlarından faydalanması üçün yaradılan şərait təqdirəlayiqdir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan və İran xalqları arasındakı mövcud tarixi, mədəni və dini ortaqlıqlarımız iki ölkə əlaqələrinin əsasını təşkil edir.

Azərbaycan hökumətinin qadın hüquqlarının təşviqi və təmin olunması sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə xüsusi önəm verdiyini bildirən B. Muradova bu sahədə mövcud alət və milli mexanizmlərin təkmilləşdirilməsinin diqqətdə saxlandığını qeyd edib. O bildirib ki, Şərqdə qızların təhsilinə qayğı göstərən ilk ölkələrdən biri olan Azərbaycanda qadınlara verilən dəyər dövlət siyasətinin əsas hissəsini təşkil edir.

Dövlət Komitəsinin sədri ölkənin Birinci Vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qadınların cəmiyyətdə sosial statusunun yüksəldilməsinə təkan verən proqramların dəstəklənməsi daxil olmaqla, onların yüksək intellektual, təşkilatçı mənəvi və humanitar potensialının nümayiş etdirilməsinə əhəmiyyətli töhfələr verildiyini diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbəyə diqqət çəkən Komitə sədri bildirib ki, işğaldan azad edilən ərazilərimizdə basdırılan minaların təmizləndiyi sahələrdə tikinti – quruculuq işləri davam etdirilir. Bölgə ölkələrini və xalqlarını daha yaxşı rifah və əməkdaşlığa qovuşduracaq nəqliyyat və kommunikasiya qovşaqları inşa edilir, təhlükəsiz koridorlar vasitəsi ilə əməkdaşlıq və sürətli inkişaf üçün əsaslar yaradılır. Eyni zamanda, “Müharibədən zərərçəkmiş 100 minlərlə qadınlarımıza dəstək olur, aldıqları hər növ travmaya qarşı davamlılığını artırmaq istiqamətində yorulmadan çalışırıq” – deyə B. Muradova əlavə edib.

Bahar Muradova qeyd edib ki, Azərbaycan bütün platformalarda dövlətlərin ərazi bütövlüyü və suverenliyinin, insanların hüquq və azadlıqlarının təmin olunması, o cümlədən təhlükəsizliyinin və milli identikliyinin qorunması uğrunda mübarizə aparan ölkələrdən biri kimi belə məsələlərə daim ədalətli yanaşma sərgiləyir.

O, həmçinin bildirib ki, humanizmi və mərhəməti hər şeydən üstün tutan insanlıq dəyərlərini təbliğ və təşviq etməklə öz milli kimliyimizi, identikliyimizi, əxlaqi və dini dəyərlərimizi qoruya, inkişaf etdirə, qarşılıqlı zənginləşmə üçün etibarlı zəmin yarada bilərik.

Çıxışının sonunda təşkilatçılara təşəkkürünü bildirən Komitə sədri, Konqresin işinə uğurlar arzu edib.