Dövlət Komitəsində İsveç səfiri ilə görüş keçirilib

16 dekabr 2022

Paylaş:

16 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzso ilə görüşüb.

Tanışlıq məqsədilə keçirilən görüşdə mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib. Azərbaycanla İsveç arasında gender bərabərliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsi məqsədilə fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan-İsveç diplomatik və parlamentlərarası əlaqələrindən bəhs edib, iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə uğurla inkişaf etməkdə olduğunu vurğulayıb.

Komitə sədri başlıca problemimizi həll etdikdən sonra beynəlxalq aləmdəki mövqeyimizə, münasibətlərimizə, o cümlədən qarşıdakı hədəflərə fərqli prizmadan baxdığımızı  söyləyib. O əlavə edib ki,  Azərbaycan, müharibədən zərərçəkmiş əhalinin çətinliklərinin aradan qaldırılması, onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtması və dinc yaşayışının təmin edilməsi məqsədilə sülh quruculuğuna xüsusi önəm verir. B.Muradova, işğaldan azad edilmiş torpaqlarda mina təhlükəsinin hələ də qaldığını bildirərək, bunun əhalinin öz yurd-yuvalarına qaytarılması prosesinin həyata keçirilməsinə ciddi maneə  törətdiyini diqqətə çatdırıb. Eyni zamanda bu dövrdə uğurlu psixo-sosial dəstək işinin aparılması məqsədilə mütəxəssislərin peşəkarlığının artırılmasına ehtiyac olduğunu bildirib. Sədr, ölkəmizin bu istiqamətdə, eləcə də gender bərabərliyinin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib.

İsveç səfiri Tobias Lorentzso səmimi qəbula görə təşəkkür edib, görüşün ikitərəfli münasibətlərə müsbət töhfə verəcəyinə inamını ifadə edib. T.Lorentzso, səfirliyin fəaliyyətində prioritet istiqamətlərə diqqət çəkib və bu sahədə Azərbaycanla uğurlu əməkdaşlıqdan danışıb. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanın görüdüyü işi yüksək qiymətləndirib və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edib.

Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov və İsveç səfirinin ticarət və mədəni məsələlər üzrə müşaviri Siruz Məmmədov iştirak edib.