Azərbaycan Respublikası “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyaya qoşulub

2 dekabr 2022

Paylaş:

 “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının 30.09.2022-ci il tarixli Qanunu ilə təsdiq edilib.

            2007-ci il tarixli Haaqa Konvensiyasının məqsədi uşaqlara görə alimentin tutulması və ailənin saxlanılması üçün effektiv mexanizmlərin yaradılmasıdır. Bunun üçün Konvensiyada aşağıdakı vasitələr müəyyən edilmişdir:

            -iştirakçı dövlətlər arasında hərtərəfli əməkdaşlıq sisteminin yaradılması;

            -saxlanılmasına dair qərarların qəbul edilməsi üçün ərizələrin təqdim edilməsi ilə bağlı əlverişli imkanların yaradılması;

            -alimentin tutulması barədə qərarların tanınması və məcburi icrası;

            -alimentin məcburi tutulması ilə bağlı qərarların çevik icrası üçün effektiv tədbirlərin görülməsi tələbi.

            Bu Konvensiya alimentin tutulması üçün daha geniş imkanlar yaradır.

            Konvensiya cavabdehin yaşayış yeri və maddi vəziyyəti haqqında ilkin məlumatların əldə edilməsi, alimentin tutulması üçün atalığın müəyyən edilməsi, saxlanılmasına dair müqavilələrin tanınması və icrası qaydasını müəyyən edir.

            Mahiyyət etibarilə, konvensiya təkcə konvensiyanın iştirakçısı olan xarici dövlətlərin vətəndaşlarına deyil, həm də konvensiyanın iştirakçısı olan dövlətlərin ərazisində uzun müddət yaşayan və ya orada qalan xarici vətəndaşlara da şamil edilə bilər. Məsələn: xarici dövlətin ərazisində müvəqqəti işləyən şəxslərə.

            Müraciət edən, borclunun yerinin müəyyən edilməsi, onun gəlirləri və maddi vəziyyəti barədə məlumatın əldə edilməsi, sübut kimi istifadə olunması üçün sənədlərin əldə edilməsi, alimentin sonrakı tutulması və təminedici tədbirlərin tətbiqi üçün atalığın müəyyən edilməsi məqsədilə başqa ölkənin mərkəzi orqanına sorğu ilə müraciət etmək hüququna malikdir.

            Mərkəzi orqan müraciət edənə sorğu edilən dövlətdə ərizənin verilməsinin məqsədəuyğunluğu barədə əvvəlcədən öyrənmək imkanı yaradır, həmçinin ərizə vermək üçün sənədlərin hazırlanmasına kömək edir.

            Müraciət olunarkən əvvəlcədən sorğu etmək məcburi xarakter daşımır və yalnız müraciət edənin mülahizəsindən asılıdır.

            Ərizəçi müraciət etmək qərarına gələrsə, aşağıdakıları tələb etmək hüququna malikdir:

            -hökmün tanınması və ya icrası,

            -sorğu edilən ölkədə qəbul edilmiş və ya tanınan qərarın icrası,

            -alimentin tutulması haqqında qərar qəbul edilmədikdə və atalığın müəyyən edilməsinə ehtiyac olduqda qərarın sorğu edilən ölkədə qəbul edilməsi,

            -çıxarılmış qərarın tanınması və icrası mümkün olmadıqda, sorğu edilən tərəfdə qərarın qəbul edilməsi,

            -sorğu edilən tərəfdə çıxarılmış qərarın dəyişdirilməsi,

            -sorğu edilən ölkədə deyil, digər ölkədə qəbul edilmiş qərarın dəyişdirilməsi.

            Ən maraqlı mexanizmlərdən biri, borclunun yaşadığı dövlətdə alimentin tutulması barədə qərarın əldə edilməsi və əldə olunmuş qərarın sonradan icrasıdır. Bu isə alimentin məbləğinin müəyyən edilməsi, təminedici tədbirlərin tətbiqi və nəticə olaraq qərarın daha effektiv və qısa müddət ərzində icra edilməsi üçün hüquqi imkanlar yaradır.

            Borclu alimenti ödəməkdən qərəzli boyun qaçırarsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilər və ya onun barəsində müvafiq məhdudlaşdırma tədbirləri tətbiq oluna bilər.

            Qərarın icrasının təmin edilməsi məqsədilə borclu barəsində aşağıdakı məcburi tədbirlər tətbiq oluna bilər:

            -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi,

            -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi,

            -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi.

            Alimentin tutulmasının müxtəlif aspektlərini tənzimləyən bir neçə beynəlxalq sənədin əvəzinə (BMT-nin 1956-cı il tarixli Konvensiyası, 1956-cı il tarixli Haaqa Konvensiyası, 1973-cü il tarixli Haaqa Konvensiyası)  2007-ci il tarixli Haaqa Konvensiyası aliment öhdəliklərinin bütün aspektlərini tənzimləyir (2007-ci il tarixli Haaqa Protokolunda nəzərdə tutulan müddəalar istisna olmaqla).

            Konvensiyanın üstünlüklərindən biri odur ki, başqa dövlətin məhkəməsində vətəndaşın fiziki iştirakı tələb olunmur, tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir və onların tərtibatı üçün vəkilin və ya tərcüməçinin xidmətinə, həmçinin apostil vasitəsilə leqalaşdırılmasına artıq ehtiyac yoxdur.

            Konvensiyaya qoşulmuş dövlətlər artıq onun üstünlüklərini müşahidə edirlər. Bu günə qədər Konvensiyaya 40-dan çox dövlət qoşulub. Bunlardan Avstriya, Albaniya, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Norveç, Türkiyənin adını çəkmək olar.