20 Yanvar faciəsi ilə bağlı C.Naxçıvanski adına Hərbi Liseydə tədbir təşkil edilib

19 yanvar 2016

Paylaş:

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi, bu il də faciə qurbanlarını yad etmək, xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 yanvar faciəsi həqiqətlərindən ibrət götürmək və lazımi səviyyədə gənc nəslə çatdırmaq məqsədilə 19 yanvar 2016-cı il tarixində C.Naxçıvanski adına Hərbi Liseydə tədbir təşkil edilib.Əvvəlcə ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.Tədbirdə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, şöbə rəisi polkovnik Rəhim Səmədov 1990-cı ilin Qanlı Yanvar günlərini xatırladıb, sovet imperiyasının törətdiyi bu dəhşətli cinayəti xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa yönəlmiş siyasətin acı nəticəsi kimi dəyərləndirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı bildirib ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu deyib. S.Qəhrəmanova diqqətə çatdırıb ki, bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın Vətən qarşısında müqəddəs borcudur.Daha sonra Hərbi liseydə təhsil alan kursantlar 20 Yanvar faciəsi ilə bağlı çıxışlar edib, şeirlər səsləndiriblər.Tədbirdə uşaq hüquqlarına dair təqdimat edilib, təqdimatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, həmçinin sərhədyanı ərazilərdə azyaşlı uşaqların qətlə yetirilməsi, Ermənistanın bu çirkin niyyətləri ilə tərəf çıxdığı beynəlxalq hüquqi aktları kobud surətdə pozması barədə kursantlara geniş məlumat verilib.Bundan başqa tədbir zamanı “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” İctimai Birliyi tərəfindən çəkilmiş “Ölümə qənşər” filmi nümayişi olunub. Qeyd edək ki, filmdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Milli Qəhrəmanlarımızın ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əks olunub