Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikahların qarşısının alınması məqsədilə tədbirlər keçirilir

15 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikahların və uşaqların təhsildən yayınmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər keçirilib, qəyyumluğa və himayəyə verilmiş uşaqların, o cümlədən həssas təbəqədən olan ailələrə səfər edilib, ailələrin və uşaqların vəziyyəti qiymətləndirilib.

Hədəf auditoriyası əsasən yeniyetmə və gənclər olan maarifləndirmə tədbirlərində erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, digər hüquq pozuntuları barədə iştirakçılara məlumat verilib. Qeyd olunub ki, erkən nikahlar qızların həyat və sağlamlığını təhlükəyə atır, təhsildən yayınmasına şərait yaradır, gələcəkdə iş imkanlarından məhrum edir, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Keçirilən tədbirlər zamanı, eyni zamanda kənd və qəsəbələrdə sakinlər arasında mövzu üzrə maarifləndirmə materialları paylanılıb, təqdimatlar, video çarxlar nümayiş etdirilib.