Dövlət qulluqçuları üçün “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda seminar keçirildi

26 fevral 2017

Paylaş:

15 mart 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN Təlim-Tədris Mərkəzində “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda seminar keçirilib.

Dövlət qulluqçularının iştirak etdiyi seminarda dövlət orqanlarında şəffaflıq prinsiplərinin tətbiq olunması, korrupsiyanın qarşısının alınması, dövlət qulluqçuları arasında etik davranış qaydalarının tətbiqi, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi qaydaları və digər müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva giriş nitqi ilə edərək, iştirakçıları salamlayıb. O qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə açıq hökumət prinsiplərinin tətbiqi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin hazırlanması, ictimai nəzarətin gücləndirilməsi, dövlət qulluqçusu-vətəndaş əlaqələrinin qurulması dövlət qurumları qarşısında duran mühüm məsələlərdəndir. Bu səbəbdən də müvafiq istiqamətlərdə dövlət proqramları, fəaliyyət planları işlənib hazırlanır və hər bir dövlət qurumunun da üzərinə irəli gələn vəzifələrin yerinə yetirilməsi düşür.

 

Aynur Sofiyeva seminarın “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 8.6-cı bəndinə (ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi) əsasən təşkil olunduğunu diqqətə çatdırıb və qeyd edib ki, “ASAN xidmət” Mərkəzləri bir çox dövlət xidmətlərini vahid formada özündə cəmləşdirir, bununla da vətəndaşların rahatlığı təmin edilir. Cənab Prezident İlham Əliyev də qeyd edir ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir, bu prinsiplərin digər dövlət qurumlarında tətbiqi mühüm məsələdir. O bildirib ki, seminarda iştirak edən hər bir dövlət qurumunun nümayəndəsi Komitə ilə sıx əməkdaşlıq edir, ailə, qadın və uşaq məsələlərini əhatə edən müraciətlərin qəbulu və həlli ilə məşğul olur. Lakin dövlət qurumlarına yeni gələn əməkdaşlar var ki, onların da müvafiq mövzularda təlim və seminarlarda iştirak etmək zərurəti vardır, mütəmadi olaraq, fəaliyyət planında nəzərdə tutulan bu şəffaflıq prinsiplərinin təbliği ilə əlaqədar təlimlərin davam etdirilməsi lazımlıdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Təlim-Tədris Mərkəzinin direktoru Nazənin Hüseynova bildirib ki, bu gün idarəetmənin modelləri cəmiyyət inkişaf etdikcə, dəyişir: “Bu gün müasir idarətmənin qiymətləndirmə mexanizmi çox sadə bir məntiqə əsaslanır. Əgər vətəndaş məmnundursa idarəetmə səmərəlidir, deməli dövlət qulluqçusu peşəkardır, etikdir, gülərüzdür, öz işini biləndir, eyni zamanda dövlət xidmətləri əlçatandır, rahatdır. Vətəndaş məmnunluğunun ön plana çıxması ən vacib faktorlardandır. Biz məmnumnluğun nə dərəcədə təmin olunması meyarına fikir verməliyik. Azərbaycanda aparılan məntiqi, düşünülmüş siyasət, aparılan islahatlar həm də ona yönəlib ki, Azərbaycanda yeni idarəetmə modelində vətəndaş məmnunluğu tam təmin edilsin, bunun üçün də bütün dövlət qulluqçuları məsuliyyət daşıyır”. Nazənin Hüseynova bildirib ki, cənab Prezident çıxışında qeyd etmişdir ki, mən xalqın xidmətçisiyəm. Biz əgər dövlət qulluğunu seçmişiksə, anlamalıyıq ki, biz vətəndaşı məmnun etməyə həm borcluyuq, həm də buna görə məsuliyyət daşıyırıq.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciətlərə baxılmasında mövcud olan problemlər” mövzusunda çıxış edərək, bu məsələlərin həllində mövcud olan qanunvericilik bazası haqqında məlumatları diqqətə çatdırıb. Eyni zamanda vətəndaşların müraciətlərinə baxılması qaydaları və müraciətlərin təmin edilməsində diqqət edilməli məqamları qeyd edib.

Çıxış edən Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və İnsan Resursları şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatla dövlət qulluqçularının etik davranış qaydaları, dövlət xidmətlərinin göstərilməsində korrupsiyanın yol verilməzliyi ətrafında çıxış edib. O qeyd edib ki, dövlət qulluqçusu öz fəaliyyətində vətəndaşların hüquqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməli, şəffaflıq prinsiplərini əldə rəhbər tutmalıdır.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin böyük prokuroru Əmir Ocaqverdiyev “Korrupsiyaya qarşı mübarizə – Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda çıxış edərək, Azərbaycanda korrupsiyaya qarı mübarizə sahəsində mövcud olan vəziyyət, aparılan islahatlar, görülən mühüm işləri diqqətə çatdırıb. O bildirib ki, korrupsiyaya qarşı səmərəli mübarizənin 4 əsas sütunu vardır ki, bunlara müasir qanunvericilik bazası, dövlət idaretməsində şəffaflıq, ədalətli məhkəmə sistemi, səmərəli antikorrupsiya qurumları daxildir.

“Ailə, qadın və uşaq məsələləri istiqamətində QHT-lərin rolu” mövzusunda çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli ictimai nəzarət, Azərbaycanda ictimai nəzarət mexanizmləri barədə məlumatları diqqətə çatdırıb. O bildirib ki, ictimai nəzarət cəmiyyətin dövlət və hakimiyyət orqanlarının fəaliyyəti barədə daha ətraflı, dolğun və operativ məlumat almaq imkanı verir, cəmiyyətdə dövlət idarəçiliyinin keyfiyyəti barədə obyektiv dəyərləndirmə aparmağa imkan verir, harmoniyanın qorunmasına yardımçı olur.

Dövlət Agentliyi ASAN Təlim-Tədris Mərkəzinin əməkdaşı Orxan Oruc “Səmərəli ünsiyyətin şərtləri” mövzusunda təqdimatla çıxış edərək insanların bir-biriləri ilə ünsiyyət qurma qaydaları, eyni zamanda dövlət qulluqçusu-vətəndaş münasibətlərinin qurulmasında vacib olan amillər və s. haqqında danışıb.

“Qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində dövlət qurumlarının və dövlət qulluqçularının vəzifələri” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov qadın və uşaq hüquqlarını təmin edən dövlət qurumları, özəl və media təşkkilatları haqqında məlumatları, hüquqların təmin edilməsi zamanı dövlət qulluqçularının vəzifələrini diqqətə çatdırıb.

Seminar müzakirələrlə davam edib.