“Məişət zorakılığının qarşısının alınması” mövzusunda tədbir keçirilib

23 fevral 2016

Paylaş:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mühüm sahələrlə bağlı, o cümlədən gender bərabərliyini qorumaq məqsədilə daima vacib addımlar atmaqdadır. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, ailə və uşaq problemlərinin qarşısının alınması, qadınların iştirakçılığının və təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması və s. məqsədlərlə mütəmadi olaraq Komitə tərəfindən seminarlar həyata keçirilir.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Məişət zorakılığının qarşısının alınması” mövzusunda fevralın 23-də “İçərişəhər” DTMQİ-nin Akt zalında keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Regional Mərkəzlərlə İş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova iştirak edib.

Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Fatma Yıldırım iştirakçıları salamlayaraq mövzu ətrafında ətraflı çıxış edib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda baş verən zorakılıq hadisələri haqqında məlumat verərək, statistik göstərcilər və bu faktların baş vermə səbəblərini diqqətə çatdırıb.

Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova isə çıxışı zamanı məişət zorakılığı ilə bağlı qanunvericilik bazası haqqında iştirakçıları məlumatlandıraraq, bu sahədə dövlət, eyni zamanda Komitə tərəfindən həyayta keçirilmiş tədbirləri qeyd edib.

Daha sonra Regional Mərkəzlərlə İş şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova çıxış edərək məişət zorakılığına mərzu qalmış şəxslərin yaşadığı problemləri nəzərə çatdıraraq, bu sahədə psixoloji yardımların göstərilməsini vurğulayıb.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Aida Əliyeva həmkarlar ittifaqlarında qadın təmsilçiliyinin artırılması, onlar üçün lazımi şəraitin yaradılmasının və müvafiq yardımların göstərilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Sonda tədbirdə iştirak edənlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı çap məhsulları; bukletlər, kitabçalar, kataloqlar paylanılıb.