Şəmkirdə qadın hüquqları və məişət zorakılığı ilə bağlı seminar keçirildi

15 aprel 2016

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 8 rayonu əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb ediləcəkdir.

Layihə üzrə növbəti seminar Şəmkir rayonunda təşkil edildi.  Seminarda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 30 nəfər qadın və kişi iştirak edirdi. Seminarı ilk gün Şəmkir rayon İcra hakimiyyəti başçısının müavini Məleykə Əlizadə açaraq layihənin əhəmiyyətindən bəhs etdi, son zamanlar Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verdi. Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 10 oktaybr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilmişdir. Seminarlarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak etmişdir. Həmçinin GİZ-in nümayəndəsi Gülər Səfərova seminarlarda iştirak etmişdir.

Seminarın məqsədi insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübatrizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.