Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

25 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Şüvəlan, Goranboy, Göygöl, Hacıqabul, Qəbələ, Sabirabad, Zərdab UADM-lərinin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib.
İnsan alveri, erkən nikah, məişət zorakılığı, uşaq hüquqları və uşaqların təhsildən yayınmasının qarşısının alınması mövzularını əhatə edən tədbirlər adı çəkilən bölgələrdə yerləşən Heydər Əliyev Mərkəzləri, uşaq bağçaları, orta ümumtəhsil və internat məktəblərində, kitabxanalarda və UADM-lərin inzibati binalarında keçirilib.
Görüşlərdə şəhid, qazi, eləcə də aztəminatlı ailələrin üzvləri, UADM-lərin əməkdaşları və benefisiarları, könüllülər iştirak ediblər.
Təhsil müəssisələrində yeniyetmə və gənclərlə keçirilən görüşlər zamanı ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, sağlam mühitdə yaşaması, layiqli həyat səviyyələrinin təmin edilməsi, keyfiyyətli təhsil alması üçün görülən işlər barədə məlumat verilib, uşaqların əsas hüquqlarından bəhs edən təqdimatlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda iştirakçılara müvafiq mövzular üzrə maarifləndirici bukletlər və məlumat vərəqələri paylanılıb.