“Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda tədbirlər davam etdirilir

19 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən “Uşaq hüquqları aylığı” ilə əlaqədar bölgələrdə tədbirlərin keçirilməsi davam etdirilir.
Hacıqabul, Saatlı, Sabirabad və Şüvəlan UADM-lərin təşkilatçılığı ilə mərkəzlərdə şəhid, qazi, aztəminatlı ailələrin və mərkəz xidmətlərindən yararlanan, icmadan olan uşaqlarla görüşlər keçirilib, bir qrup uşağın Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.
Tədbirlərdə uşaqlara onların hüquqları ilə bağlı məlumatlar verilib, maarifləndirici müzakirələr aparılıb, onların verdiyi suallar cavablandırılıb. Sonda uşaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin təkmilləşdirilməsindən ibarətdir.