"Yoxsulluğu yenidən araşdır" adlı tədqiqat işi müsabiqəsi keçirilir

12 oktyabr 2021

Paylaş:

1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla Mübarizə Günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirməyə xidmət edib. 

Azərbaycan yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə keçirilən Minilliyin sammitində 147 ölkənin başçısı tərəfindən Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası adından Ümummilli Lider Heydər Əliyevin imzaladığı Bəyannamədə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” ölkəmizdə bütün sahələrdə tərəqqi proseslərinə, habelə yoxsulluğun ildən-ilə azalmasına şərait yaradıb.

            Azərbaycan adambaşına düşən ümumi milli gəlir üzrə 2002-ci ildə 720 dollar göstəricidən 2011-ci ildə 5 290 dollara qalxaraq, yuxarı orta gəlirli ölkələr sırasına qoşulmuşdur. Azərbaycan aparılan uğurlu dövlət siyasəti, eləcə də qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr nəticəsində 2000-ci illərdə yoxsulluğun əsaslı sürətdə azaldılmasına nail olaraq, “Cənub-Cənub” mükafatına layiq görüldü.

Müsabiqənin məqsədi 

Yoxsulluq özünü təkcə dolanışıq təmin etmək üçün lazım olan gəlir və mənbələrin çatışmazlığı ilə deyil, həm də zəruri xidmətlərə məhdud giriş, sosial ayrı-seçkilik, kənarlaşdırma və qərar qəbul etmədə hüququn verilməməsi ilə göstərir. “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” dünya gəncliyini hər yerdə hər növ yoxsulluqla mübarizədə fəal olmağa çağırır. Bu məqsədi dəstəkləmək üçün 17 Oktyabr -Ümumdünya Yoxsulluqla Mübarizə Gününə həsr olunmuş "Yoxsulluğu yenidən araşdır" kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının ortaq layihəsi olan Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və ADA Universiteti ilə birgə insanları yoxsulluq və onun səbəblərinə, təsir etdiyi sahələrə yeni prizmadan yanaşmağa sövq etmək və ictimai məlumatlılığı təmin etmək məqsədilə tədqiqat işi müsabiqəsini elan edir.

Əgər siz də yoxsulluğu yenidən araşdırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!

İştirakçılar:

14-29 yaş arası gənclər, aşağıdakı mövzulardan hər hansı biri ilə bağlı fikir və araşdırmalarını yazılı şəkildə təqdim etməyə dəvət olunur:

 

  • Yoxsulluğu necə anlayıram;
  • Su qıtlığının yoxsulluq səviyyəsinə olan mümkün təsirləri (Gender bərabərliyi, təhsil və sağlamlıq problemləri ilə əlaqədar olaraq);
  • Əlilliyi, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına maneə;
  • Kənd təsərrüfatında fəaliyyət göstərən qadınların yoxsulluğun azaldılmasındakı rolu (xüsusi bölgə və ya kənd təsərrüfatı üzrə tədqiqat arzuolunandır);
  • DİM 1 və Miqrasiya;
  • Yoxsulluq təhsil hüququna maneədirmi? (ibtidai və orta məktəb təhsili üzrə);
  • Covid-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri;
  • Qadınların iqtisadi fəallığının artırılması - yoxsulluğun azaldılması;
  • Uşaqların doğulanadək cins seçimi ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri.

Qaydalar:

• Həcm: Maksimum 150 sözdən ibarət giriş hissə ilə, 1000-1500 söz aralığı (biblioqrafiya istisna olmaqla)

• Format: PDF

• Dil: Azərbaycan/İngilis/Rus

Seçim prosesi:

  • Seçim komitəsi bütün tərəfdaş təşkilatların üzvlərindən təşkil olunacaqdır.
  • Müsabiqənin ilk üç qalibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı və ADA Universiteti tərəfindən imzalanmış sertifikatlar və hədiyyələrlə təltif olunacaqdır.
  • Qaliblər 25 oktyabr 2021-ci il tarixində xüsusi mükafatlandırma mərasimi ilə elan olunacaqdır.

 

Son müraciət tarixi: Tədqiqat işləri 17 oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 23:59-dək isspyouth@gmail.com ünvanına göndərilməlidir.