“Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı layihə çərçivəsində növbəti tədbir Masallı rayonunda keçirilmişdi

7 aprel 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  əhalinin, xüsusilə gənclərin  erkən  və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə keçirilən “Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı layihə regionlarda böyük uğurla davam etdirilir. Layihə çərçivəsində növbəti tədbir 6 aprel 2016-cı il tarixində Masallı rayonu Heydər Əliyev Mərkəzində Masallı rayon gəncləri ilə birgə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı tədbir iştirakçılarını salamlamış, Ermənistanın Azərbaycana qarşı silahlı təxribat hücumu barədə məlumat vermiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra tədbirdə iştirak edən gənclərə Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Həyat pilləkanı” adlı sosial çarx nümayiş olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat
nümayiş etdirərək, erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi
fəsadlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Nigar Kərimova erkən nikahların qarşısının alınması istiqamətində rayonda görülən işlər barədə məlumat vermişdir.

Tədbirdə ekspert qismində iştirak edən Masallı Rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov çıxış edərək erkən nikah probleminin qarşısının alınmasında mühüm rolun valideyn və yaşlı nəslin üzərinə düşdüyünü tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbirin sonunda Masallı rayon gəncləri arasında Komitə tərəfindən müvafiq sahədə rayon üzrə mövcud vəziyyət barədə rəyi öyrənmək məqsədilə hazırlanmış anonim anket sorğular paylanılmış və tədbir iştirakçılarının mövzular ətrafinda sualları cavablandırılmışdır.