Azərbaycan nümayəndə heyətinin Tvinninq layihəsi çərçivəsində Litvaya tədris səfəri davam edir

26 avqust 2021

Paylaş:

 Avropa İttifaqının maliyyələşdirdiyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Litva, Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində Litva Respublikasına tədris səfəri davam edir.

Tədris səfərinin ikinci günündə böhran vəziyyətində olan ailələrlə iş üzrə mobil komandaların təşkili məsələləri ilə bağlı Vilnüs şəhəri üzrə Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzində görüş keçirilib. Vilnüs şəhər Uşaq Hüquqlarının Müdafiəsi Mərkəzinin müdiri cənab Gedas Batulevicius qurumun fəaliyyəti barədə səfər iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, Mərkəzə müraciət daxil olan zaman səyyar qrup ailəyə səfər edir, uşağın psixoloji durumu qiymətləndirilir,  daha sonra valideynlərə psixoloji yardım təşkil olunur. Mərkəzdə insanların aludəçiliklə bağlı problemlərinin həllində köməklik göstərən mütəxəssislərin də fəaliyyət göstərdiyi qeyd edilib.

Daha sonra Cinsi zorakılıq və istismar qurbanları olan uşaqlar üçün yardımın təşkili ilə məşğul olan  “Ujoveya“ ixtisaslaşmış mərkəzinin işi ilə tanışlıq olub, Bərabər İmkanlar üzrə Ombudsman İdarəsində görüş keçirilib. Bərabər İmkanlar üzrə Ombudsman xanım Birute Sabatauskayte qurumun fəaliyyəti barədə səfər iştirakçılarını məlumatlandırıb. Daha çox maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayan xanım Birute Sabatauskayte məişət zorakılığı üzrə vətəndaş müraciətlərinin müvafiq orqanlara yönləndirildiyini qeyd edib.

Tədris səfərinin üçüncü günündə Vilnüs Regionunun Probasiya Mərkəzinin baş mütəxəssisi xanım Nadejda Kudrauskas tərəfindən Litvada probasiya sistemi barədə ətraflı məlumat təqdim edilib. Bu Mərkəzdə 80 nəfərin çalışdığını qeyd edən xanım Kudrauskas qurum tərəfindən həyata keçirilən fəaliyyət növləri haqqında geniş məlumat verib. O, nəzarətin, xüsusilə gecə məhdudiyyətlərinin (zorakılığı gecə törədənlər üçün) polis patrul xidməti ilə birgə həyata keçirildiyini, probasiya müddətində cəmiyyətə inteqrasiya, məşğulluğun təmin olunması kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyəti kişilər və onların ailə üzvləri üçün reabilitasiya prosesinin təşkili üçün Vilnüs Kişilər üçün Böhran və Məlumat Mərkəzinin işi ilə tanış olub.  Mərkəz direktoru cənab Robertas Mikailas burada təkcə zorakılıq qurbanlarının deyil, böhran vəziyyətində olan istənilən kişi üçün xidmətlərin təşkil olunduğunu bildirərək, il ərzində 140-a yaxın müraciət daxil olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, səfər çərçivəsində məişət zorakılığının qarşısının alınması istiqamətində təcrübənin öyrənilməsi ilə bağlı olaraq polis idarəsi və Vilnüs bələdiyyəsində görüşlər keçiriləcək.