“Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində növbəti görüş keçirildi

20 may 2021

Paylaş:

20 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Vətəni sevək, ona layiq olaq!” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi sədrinin müavini Sevinc Fətəliyeva ilə Uşaq Səfirlər məclisinin üzvləri, eləcə də, respublikanın regionlarından olan istedadı və fəallığı ilə seçilən 100-ə yaxın uşağın iştirakı ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva layihənin əhəmiyyətini qeyd edərək, uşaqlara Sevinc Fətəliyevanı təqdim edərək onun ictimai-siyasi fəaliyyəti, əldə etdiyi nailiyyətlər, şəxsi və professional keyfiyyətləri haqqında məlumat verib.

Səmimi və disskusiya şəraitində keçən görüşdə millət vəkili iştirakçıları salamlayaraq, iş təcrübəsi və siyasi fəaliyyəti barədə danışıb. Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında təhsilin rolunun danılmaz olduğunu vurğulayan S. Fətəliyeva əlavə edib ki, insan yalnız elmi, təhsili, hərtərəfli dünyagörüşü ilə başqalarından fərqlənə bilər. O, AŞPA - dakı fəaliyyətinə toxunaraq qeyd edib ki, ölkəni təmsil etmək böyük şərəf olmaqla bərabər, həm də yüksək məsuliyyətdir.

Millət vəkili Parlament Assambleyasının bu sahədəki rolundan danışaraq, uşaq hüquqları haqqında qəbul edilən son qətnamələr, uşaqların hüquqlarının qorunması ilə bağlı AŞ-nın yeni strategiyasına dair verdiyi təkliflərdən söhbət açıb. O həmçinin, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı fikirlərini də bildirib.

Görüş zamanı millət vəkili uşaqların suallarını cavablandırıb. O, dövlətimiz və millətimiz üçün faydalı vətəndaş olmaq üçün hər hansı peşə seçimindən asılı olmayaraq, işinin peşəkarı olmanın və bu yolda əzmlə çalışmanın önəmli olduğunu vurğulayıb.