“Şanlı Zəfər Yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

19 may 2021

Paylaş:

19 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  tərəfindən elan olunmuş, Ümummili Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şanlı Zəfər Yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq, Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş yazı müsabiqəsinin qaliblərini təbrik edib.

O, ənənə halını alaraq 2009-cu ildən bu günə kimi keçirilən bu cür müsabiqələrin əhəmiyyətini qeyd edərək, bildirib ki, ümumilikdə həm respublika, həm də ayrı-ayrı regionlar üzrə geniş miqyasda keçirilən müsabiqələrin yüzlərlə iştirakçısı, onlarla qalibi vardır: “Bu illər ərzində ən müxtəlif yaş təbəqələrindən insanların iştirakı ilə keçirilmiş müsabiqələr Ulu Öndərin Azərbaycan xalqının rifahı, Azərbaycan dövlətinin inikişafı naminə göstərdiyi fədakar fəaliyyətinə dair insanların düşüncələrini və dəyərləndirmələrini özündə əks etdirmişdir.”

Hazırki dönəmdə Azərbaycan üçün ən vacib mövzu, ən yadda qalan hadisə və ən uğurlu nailiyyətin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər olduğunu vurğulayan B.Muradova bu qələbənin həyatımızın bütün sahələrində vacib iz qoyduğunu qeyd edib. Komitə sədri bildirib ki, Heydər Əliyevin həyatının qayəsini son 30 ilə yaxın dövrdə Qarabağ məsələsi və onun həllinə yönəlmiş siyasətin müəyyənləşməsi, dövlətimizin inkişafı, xalqın rifah və təhlükəsizliyinin təmin edilməsi olmuşdur.

“Güclü orduya sahib dövlət olaraq Ulu Öndər tərəfindən müəyyənləşmiş siyasəti müasir dövrün çağırışları içərisindən böyük uğurla irəliyə doğru aparan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müharibədən qələbə ilə çıxmaq üçün lazım olan hər şeyi etdik. Qələbəmizin əldə olunmasının bünövrəsində Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət, onun dövlətimizin rifahı üçün verdiyi töhfələr dayanır.”

Daha sonra müsabiqənin nəticələrinə əsasən, I yerin qalibi Zərdab rayon sakini, Azərbaycan Aqrar Universitetinin Zootexniklik fakültəsinin III kurs tələbəsi, Vətən müharibəsinin iştirakçısı və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş  qazi Hüseyn Kərimov, II yerin qalibi İsmayıllı rayon sakini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, müstəqil jurnalist Xavər Abbasova və III yerin qalibi Saatlı rayon sakini, şəhid bacısı Günel Rəsulova-Səfərova diplom və hədiyyələrlə təltif olunublar.

Müsabiqənin məktəblilərin də böyük marağına səbəb oduğunu nəzərə alaraq, şagirdlərin də yazıları qiymətləndirilmişdir. Qalib olmuş Şəki şəhəri 18 saylı orta məktəbin XI sinif şagirdi Mülayim Hümmətova və Bakı şəhəri, Xətai rayon 25 saylı tam orta məktəbin X sinif şagirdi Abdullah Hacıyevə həvəsləndirici mükafatlar təqdim edilib.

Qaliblər sevinc hisslərini bölüşərək, əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığını qeyd edərək, bu cür müsabiqələrin keçirilməsinin gənclər arasında maraqla qarşılandığını vurğulayıblar.

Yekunda Komitə sədri Bahar Muradova çıxış edərək, bir daha qalibləri təbrik edib. O, xüsusilə yazıların qiymətləndirilməsində iştirak edən Münsiflər heyətinin üzvləri olan AMEA-nn professoru Rəna Mirzəzadə, əməkdar jurnalist Zenfira Məhərrəmli, “İşıq” qadın jurnalının redaktoru Əsəd Zeynalov və İctimai şuranın üzvü Fəridə Vəliyevaya təşəkkür edərək, çətin və vacib məsələlərin öhdəsindən qısa müddətdə layiqincə gəldikləri üçün onlara minnətdarlığını bildirib. O, qaliblərə üz tutaraq deyib: “Arzu edirəm ki, Sizi irəliyə aparan vətənpərvərlik hissləri sayəsində qələminiz və istedadınızı Azərbaycanın bundan sonra da qazanacağı nailiyyətləri təbliğ etməyə yönəldəsiniz”.

Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, 1-30 aprel 2021-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şanlı Zəfər Yolumuz” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 75 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.