“Məişət zorakılığı ailənin psixoloji iqliminə təsir edən amil kimi ” mövzusunda tədbir keçirilib

4 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 4 may 2021-ci il tarixində məişət zorakılığının qarşısının alınması məqsədilə  “Məişət zorakılığı ailənin psixoloji iqliminə təsir edən amil kimi” mövzusunda onlayn formatda görüş  keçirilib. Görüşdə Şəki Dövlət Regional və Ağdaş Dövlət Humanitar Kolleclərinin, eləcə də Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbə,  valideyn və müəllim heyəti iştirak  edib.

Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, qloballaşma dövründə dünyada baş verən proseslərin, eləcə də COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya rejiminin digər ölkələrdə olduğu kimi Azərbaycanda da ailə institutuna mənfi təsir göstərdiyini qeyd edib. K.Əliyeva tədbir iştirakçılarına “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”, məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə həyata keçirilən hüquqi, sosial  və qabaqlıyıcı tədbirlər barədə ətraflı məlumat verib.  

Daha sonra psixoloq Elmira Mirzəyeva ailənin psixoloji iqliminin ər-arvad, valideyn-övlad münasibətlərinin xarakteri ilə müəyyən olunduğunu qeyd edərək, ailədaxili münasibətlərdə yaranan psixoloji gərginliyin məişət zorakılığı, nikahın pozulması, intihara cəhd və intihar  kimi neqativ halların baş verməsinə gətirib çıxardığını bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirdən 80 nəfərə yaxın  iştirakçı faydalanıb.