Məişət zorakılığı ilə bağlı Tvinninq layihəsi çərçivəsində növbəti müzakirələr təşkil edilib

17 mart 2021

Paylaş:

17 mart 2021-ci il tarixində Avropa İttifaqının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində növbəti onlayn tədbir təşkil edilib. 

Onlayn formatda baş tutan müzakirələrin məqsədi Tvinninq layihəsinin ekspertləri tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə məişət zorakılığının kriminallaşdırılması və məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi baxımından işlənib hazırlanmış təkliflərlərin təqdimatı olub. 

Müzakirələr zamanı Tvinninq layihəsinin ekspertləri sözügedən qanunvericilik sənədlərinə qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış təkliflər barədə ətraflı məlumat veriblər və bu təkliflərlə bağlı görüş iştirakçılarının fikirlərini öyrəniblər.

Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin, İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşları, eləcə də AQUPDK yanında yaradılmış İctimai Şuranın üzvləri iştirak ediblər.

Qeyd edək ki, Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.