119 saylı orta məktəbdə “Uşaqların təhsildən yayınması və erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirilib

25 may 2016

Paylaş:

Mayın 25-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların təhsildən yayınması və erkən nikahların qarşısının alınması” mövzusunda Xəzər rayonu, Türkan qəsəbəsindəki 119 saylı orta məktəbdə maarifləndirici görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Komitənin əməkdaşları, Xəzər Rayon İcra hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri, qəsəbə sakinləri, məktəbin şagird, müəllim heyəti  və valideynlər iştirak edib.

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva erkən nikah faktlarının qarşısının alınmasında bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Sədr müavini Bakı kəndlərində qızların təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının mövcud olduğunu bildirib, bu problemlərin həllinə kompleks şəkildə yanaşmanın və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.

Tədbirdə çıxş edənlər erkən nikah hallarının yaranma səbəbləri və erkən nikahın qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam  psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.

Komitənin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva 2015-ci ildə Xəzər rayonu sakinlərinin erkən nikaha dair münasibətini öyrənmək məqsədilə keçirilən sorğunun nəticələri ilə tədbir iştirakçılarını tanış edib.

Tədbir qarşılıqlı müzakirə şəraitində davam edib və sonda iştirakçılara “Erkən nikah və qanunvericilik” mövzusunda buklet paylanılıb.