“Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində Nərimanov rayonunda növbəti tədbir keçirilib

26 may 2016

Paylaş:

1918-ci ilin 28 may tarixi müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündür. 1990-cı ildən etibarən bu tarix “Respublika günü” – dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. Müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti institutları tərəfindən hər il bu əlamətdar gün ilə əlaqəli müxtəlif tədbirlər həyata keçirilir.

Mayın 26-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Qadınlar Şurası və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 may Respublika günü ərəfəsində “Bizim gücümüz birliyimizdədir” adlı tədbir keçirilib.

Tədbirdə Komitənin, YAP Qadınlar Şurasının, Nərimanov RİH-in, AMEA-nın nümayəndələri, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvləri və eyni zamanda Nərimanov rayonu ərazisində yaşayan nümunəvi ailələr, digər millətləri təmsil edən ailələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova açıb və bütün tədbir iştirakçılarını, qonaqları salamladıqdan sonra hər kəsi “Respublika günü” münasibətilə təbrik edib.

 Daha sonra əlamətdar gün ilə bağlı Komitənin sədr müavini Aynur Sofiyeva, YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, AMEA-nın professorları Rəna Mirzəzadə və Ziba Ağayeva, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış ediblər. Eyni zamanda çıxışlar əsnasında Respublikamızda mövcud olan və uğurla həyata keçirilən ailə siyasəti, ailə qanunvericiliyi haqqında tədbir iştirakçılarına məlumat verilib, Azərbaycan ailəsinə xas dəyərlərin, milli adət-ənənələrin hər zaman qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi, gənclər üçün önəmi bir daha vurğulanıb.

Çıxışlardan sonra Nərimanov rayonunun sakinləri olan nümunəvi ailələrin üzvləri bəddi hissədə çıxış ediblər. Sonda ailələr diplom və hədiyyələrlə mükafatlandırılıblar.