Sədaqət Qəhrəmanova “Qadın alimlər COVİD-19 ilə mübarizədə ön sıralarda” mövzusunda konfransda iştirak edib

11 fevral 2021

Paylaş:

11 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Qadın alimlər COVİD-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirakçıları salamlayaraq hazırda elm, texnologiya və innovasiyalar sahəsində  davamlı inkişafın əldə olunması məqsədilə əsas diqqətin sosial-mədəni aspektlərin öyrənilməsinə, inkişaf etdirilməsinə yönəldiyini qeyd edib. Akademik Azərbaycan Milli Elmlər Akademiyasında qadın alimlərin bu sahədə əldə etdiyi uğurlar haqqında danışıb. Pandemiya dövründə Azərbaycanın koronavirus ilə mübarizədə ən öncül ölkələrdən biri olduğunu qeyd edən İradə Hüseynova bu istiqamətdə maarifləndirmə işinin həyata keçirilməsində alimlərin böyük rolunu vurğulayıb.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıları  salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə hər il fevralın 11-inin Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edildiyini bildirən sədr müavini bu əlamətdar günün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hər il qeyd edildiyini diqqətə çatdırıb.

S. Qəhrəmanova Dövlət Komitəsinin COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə şəxslər arasındakı münasibətlərdə yaranmış vəziyyəti öyrənmək məqsədilə apardığı təhlil haqqında məlumat verib: “Sorğu 18 yaşdan yuxarı insanlar arasında  keçirilmişdir. Tədqiqatda 41,8%-i kişi, 58,2%-i qadın olmaqla, 648 respondent iştirak etmişdir. Sorğunun nəticələrinə əsasən, respondentlərin 77%-nin ailələrindəki münasibət yaxşı, 23%-ində isə qənaətbəxş olmamışdır”.

S. Qəhrəmanova bildirib ki, pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadın və qızlar əziyyət çəkir. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili haqqında məlumat verib. 

Sədr müavini bildirib ki, gender bərabərsizliyinin aydın təzahür etdiyi sahələrdən ən aktualı ev təsərrüfatında və ailədə öhdəliklərin müəyyən edilməsində, ödənişsiz qayğı və məişət işini qiymətləndirməkdir. Bu problem artıq dünya miqyasında ciddi araşdırılır və davamlı inkişafı zəiflədən amilllərdən biri kimi cəmiyyətdə disbalans yaradan hal olaraq qeyd edilir.

S. Qəhrəmanova Dövlət Komitəsinin ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı dövlətin apardığı mübarizə tədbirlərinə qoşularaq müxtəlif tədbirlər, müsabiqələr də həyata keçirdiyini diqqətə çatdırıb.

Tədbirin davamında AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə,  TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və digər qadın alimlər çıxış ediblər. Sonda məruzəçilərə sertifikatlar təqdim edilib.