Komitə sədri Hicran Hüseynovanın BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsinin yeni təyin olunmuş müavini ilə görüşü keçirilib

12 iyul 2016

Paylaş:

İyulun 12-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsinin müavini Nato Alhazişvilini qəbul edib. Görüşdə BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsinin yeni təyin olunmuş müavini Alessandro Frankassetini və Komitə rəhbərliyi iştirak edib.

Görüş zamanı Komitə sədri ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sahəsində Azərbaycan ilə BMT arasındakı əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
 
Qarşılıqlı fikir mübadiləsi zamanı Komitə sədri BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricilər ilə görüşlərini qeyd edərək, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin yüksək şəkildə həyata keçirilməsindən məmnunluğunu bildirib. Hicran Hüseynova onu da əlavə edib ki, BMT təşkilatları ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar qurumlar arasında ən nüfuzlu təşkilatlardan olmuşdur.
 
Daha sonra Komitə sədri Hicran Hüseynova ilə BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsinin yeni təyin olunmuş müavini Alessandro Frankassetini arasında tanışlıq keçirilib. Və xanım Nato Alhazişvili ilə bu illər ərzində olan uğurlu əməkdaşlığa görə minnətdarlıq ifadə edilib.