11 regional mərkəzin iştirakı ilə onlayn görüş keçirilib

8 sentyabr 2020

Paylaş:

8 sentyabr 2020-ci il tarixində Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM)  iştirakı ilə onlayn görüş keçirildi.

Görüş zamanı pandemiya dövründə UADM–lərin fəaliyyəti,  həyata keçirilən tədbirlər, qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə edildi.

Tədbiri giriş sözü ilə açan Bahar Muradova  iştirakçıları salamlayaraq pandemiya dövründə Komitənin fəaliyyəti  barədə qısa məlumat verərək Mərkəzlərin işi ilə bağlı müzakirənin keçirilməsinin, ötən müddət ərzində görülən işlərin, əldə olunan nəticələrin təhlilinin aparılmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladı. Komitə sədri Mərkəzlərin fəaliyyətində ailələrlə işin keyfiyyətinin artırılması, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işin gücləndirilməsi və həyata keçirilən tədbirlərin nəticələrinin monitorinqinin aparılmasının vacibliyini diqqətə çatdırdı.  Həmçinin bu sahədə əldə olunan təcrübəni əsas gətirərək belə struktur bölmələrinin fəaliyyətinin  müsbət nəticələr verdiyini və respublika üzrə bütün əhali qruplarını əhatə edə bilmək üçün gələcəkdə yeni mərkəzlərin yaradılmasının önəmini də vurğuladı. B. Muradova pandemiya ilə bağlı Mərkəzlərə daxil olan müraciətlərin sayının artdığını nəzərə alaraq onlayn regional qəbulların keçirilməsinin vacibliyini qeyd etdi.

Maliyyə-təsərrüfat şöbəsinin rəhbəri Zöhrab Həsənov Mərkəzlərin sosial işi təcrübədə həyata keçirən qurum olaraq həssas təbəqədən olan əhali qruplarını əhatə etdiyini bildirdi. Pandemiya dövründə maarifləndirmə işinin onlayn seminarlar şəklində davam etdirilməsi, həyata keçirilən sosial yardım kampaniyaları, daxil olan müraciətlərlə bağlı görülən işlər barədə məlumat verərək Dövlət Proqramlarının icrası istiqamətində qarşıda duran vəzifə və hədəfləri qeyd etdi.

Çıxış edən UADM-nin rəhbərləri  Yaqut Qəhrəmanova (Ağdam), Sənəm Alxasova (Goranboy), Cövhərət İbrahimova (Zaqatala), Lətifə Əliyeva (İsmayıllı), Ruhəngiz Əliyeva (Sabirabad), Sitarə Əhmədova (Şüvəlan) və Aynur Əsədova (Hacıqabul) həyata keçirilən tədbirlər barədə məlumat verərək, həssas təbəqədən olan ailələrlə işin təkmilləşdirilməsi, hər bir regiona xas problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirdilər.

Daha sonra çıxış edən sədr müavini Sədaqət Qəhrəmanova Mərkəzlərin iş mexanizminin bu günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini qeyd edərək, önləyici tədbirlərin keçirilməsi istiqamətində dövlət orqanları və Resurs Mərkəzləri ilə birgə əməkdaşlığın müsbət nəticələr verdiyini bildirdi.

Sədr müavini Aynur Sofiyeva çıxışında həyata keçirilən tədbirlərin nəticələrinin təhlilinin aparılması məsələsəninə toxunaraq sorğuların keçirilməsinin önəminə diqqət çəkdi.

Komitə sədri Bahar Muradova qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün mövcud imkanları və səyləri birləşdirməyin vacibliyini vurğulayaraq bunun üçün ilk növbədə mərkəzlərin əməkdaşlarının peşəkar bacarıqlarının yüksəldilməsi, müxtəlif əhali qrupları ilə təmasların intensivləşdirilməsi, yerli dövlət orqanları ilə əlaqələndirilmiş işin qurulması, həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş addımların atılmasına ehtiyac olduğunu qeyd etdi.  

Sonda Komitə tərəfindən həyata keçirilən Dövlət Proqramlarından və 2020-ci ilin ikinci yarısına dair Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verildi.