Pandemiya şəraitində ailədaxili münasibətlərdə risk və problemlər

21 avqust 2020

Paylaş:

 

Yazı  COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri  və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlili əsasında hazırlanmışdır)

Artıq bir neçə aydır ki, (mart ayından etibarən) dünyanın əksər ölkələrində  koronavirusla əlaqədar olaraq pandemiya elan olunmuşdur. İnsanlar sosial təcrid vəziyyətində öz yaşayışlarını davam etdirməkdədirlər. Bu virus və elan olunmuş pandemiya sanki bütövlükdə yer planetinin əhalisinin bir anlıq dayanaraq ətrafda baş verənlərə nəzər salmaq üçün bir fürsətdir. Əfsuslar olsun ki, sürətli və tepmli həyat bizi ailəmizdən, doğmalarımızdan, hətta özümüzdən uzaqlaşdırdığının fərqində deyilik. Xüsusilə də, vaxt çatışmamazlığı, işlərin çoxluğu səbəbindən bəzən vaildeynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirlər.

Bu günlərdə ənənələrimizin, ailə dəyərlərimizin əsasını təşkil edən sağlam ailədaxili münasibətlərin, böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı hörmət, ailəyə, adətlərimizə bağlılıq, sevgi, paylaşmaq kimi yüksək dəyərlərin, eyni zamanda, ailə üzvləri ilə birgə vaxt keçirməyin nə qədər önəmli, vacib olduğu bir daha özünü qabarıq şəkildə göstərdi.

Bunu nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karatin rejiminin tətbiqi nəticəsində ailələrdə şəxslər arasındakı münasibətlərdə yaranmış vəziyyəti öyrənmək məqsədilə təhlil aparmışdır. Ailəni təşkil edən şəxslərin qarşılıqlı əlaqələri elə mürəkkəb bir sistemdən ibarətdir ki, onu dərk etmədən ailə münasibətlərini idarə etmək  çox çətdir və ya heç mümkün deyil.   Keçirilən sorğunun nəticələri bir daha göstərdi ki, mühitdə, cəmiyyətdə baş verən hər bir hadisə bu və ya digər şəkildə ailəyə təsir edir.

Ailə çox mürəkkəb bir fenomendir. Onun  müxtəlif tərifləri və funksiyaları vardır. Tədqiqatçıların da qeyd etdiyi kimi: «Ailə qədər ictimai həyatın dəyişiklik, nailiyyət, inkişaf və çətinliklərinə həssas olan başqa bir sosial  institut yoxdur» .  O. Kont “ailəyə cəmiyyətin ilkin özəyi”, G.Zimmel “insanların sosial qarşılıqlı təsirinin bir forması”, Fredrik Le Ple ailəyə «kiçicik cəmiyyət» kimi baxmış və «cəmiyyəti başa düşmək üçün ailəni başa düşmək lazım» olduğunu, A.Q.Xaçev isə ailəyə nikah və  qohumluq əsasında adamların birləşməsi və onların məişət eyniliyi, qarşılıqlı məsuliyyəti əsasında qurulması kimi baxırlar. Gətirdiyimiz bu  nümunələrdən də  göründüyü kimi, ailə çoxtərəfli və çoxşaxəli  sosial təsisatdir. Bu institutun öyrənilməsi geniş araşdırma tələb edir. Komitənin keçirdiyi  tədqiqatda isə əsas istiqamət kimi ailədə şəxslər arasında münasibət götürülmüşdür.

Sorğu əhalinin 18 yaşından yuxarı hissəsi arasında telefon və online müsahibə formasında strukturlaşdırılmış sual- anket vasitəsilə keçirilmişdir. Bütövlükdə, bu tədqiqatda 648 respondent iştirak etmişdir. Sorğuda iştirak edən respondentlərin 41,8%-i kişi, 58,2%-i isə qadındır. Tədqiqatda təsadüfi seçmə əsasında  sadə (nuklear) (69,2%) və mürəkkəb (30,8%)  ailələr iştirak etmişdir.

Ailəni çox vaxt ocağa bənzədirlər. Ocaq isti münasibətlər yaradan, onu soyuqdan, aclıqdan və təhlükələrdən qoruyan  müqəddəs məkandır. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Azərbaycanlılar o nadir xalqlardandır ki,  ər və arvad  bir-birinə «həyat yoldaşı» deyirlər. “Həyat yoldaşı” sözünün məsuliyyəti  daha ağırdır. Bir insanla həyatını bağlayaraq, çətin, ağır, firavan, xoşbəxt  günlərdə hər iki şəxs eyni həyacanı, hissi yaşayırlar.

Ümumiyyətlə, hər bir ailənin xoşbəxtlik dərəcəsi ailədaxili münasibətlərdən, qarşılıqlı hörmətdən, bir-birinə göstərdiyi anlayışdan asılıdır. Elə bu baxımdan da, respondentlərdən xahiş olunmuşdur ki, bütövlükdə ailələrindəki vəziyyəti qiymətləndirsinlər. Beləliklə, sorğuda iştirak edənlərin 44,7%-i öz ailələrindəki münasibəti “yaxşı”, 32,3%-i isə “çox yaxşı” deyə fikirlərini qeyd etmişlər. Cavablardan da göründüyü kimi, respondentlərin 77%-nin ailələrindəki münasibət yaxşıdır. Lakin qalan 23% ailələrdəki vəziyyət isə heç də qənaətbəxş deyil. Və əgər biz digər suallarla müqayisəli təhlil aparsaq yaranan mənzərə bir daha göstərir ki, ailə qurmamışdan öncə münasibətlərin düzgün dəyərləndirilməsi, ailəni qurmaqda əsas məqsədin müəyyən edilməsi çox mühümdür.

Fikrimizi əsaslandırmaq üçün anketdəki digər bir sualdan nümunə gətirək. Repondentlərə belə bir sualla müraciət olunmuşdur ki, “Sizin mübahisənizə əsas səbəb nədir?”. Təqdim edilən cavab varinatlarından ən cox  “bir-birimizi anlamırıq”(34,1%), “səbrsizlik” (15,5%)  qeyd edilmişdir. Başqa bir sualda isə respondentlərdən  hansı xüsusiyyətlərin  onların ailəsinin möhkəmlərdirməsinə kömək etdiyi  soruşulmuşdur. Əsas cavab “bir-birini anlamaq” (35,6%) və “qarşılıqlı hörmət” (20,4%) olmuşdur.

Ailə qurmamışdan öncə münasibətlərin düzgün dəyərləndirilməsi, ailəni qurmaqda əsas məqsədin müəyyən edilməsi çox mühümdür. Ailədə yaranan mübahisələrin əsas səbəbi də qarşılıqlı anlaşmanın olmamasıdır. İnsanlar bir-birini sevə bilərlər, lakin birgə yaşayış üçün bu hiss bəzən yetərli olmur. Ona görə də bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt etmək çox mühüm məsələdir.

Hazırda Azərbaycanda iki milyon yüz mindən  çox  ailə var.  Çox böyük təəssüf hissi ilə qeyd edirik ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. 2011-ciildə nikahların sayı 88 145 idisə 2019-cu ildə bu rəqəm 63 869  təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,7-dən 6,4-ə qədər azalmışdır. 2011-ci ildə boşanmaların sayı 10 747 idisə, 2019-cu ildə bu rəqəm 17 148 təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,2-dən 1,7-ə qədər artmışdır. Bu gün bütün səylər göstərilməlidir ki, ailə institutu qorunub saxlanılsın və daha da möhkəmləndirilsin.

Məhz bunu nəzərə alaraq, elə respondentlərin özlərinin fikrlərini öyrənmək maraqlı idi. “Fikrinizcə, hansı xüsusiyyətlər ailənizi möhkəmləndirməyə kömək edir?” sualını respondentlərin 35,6%-i “bir-birini anlamaq”, 20,4%-i “qarşılıqlı hörmət”, 19,1%-i “ailə qarşısındakı məsuliyyət”, 15,3%-i “dostluq, mehribançılıq”, 9,6%-i isə “sevgi, məhəbbət” cavablandırmışdırlar. Cavablardan da göründüyü kimi müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir. Boşanmalar hansı hallarda daha, çox baş verir? Biz görürük ki, xasiyyətlər, xarakterlər uyğun gəlməyəndə, tərəflərdən birinin zərərli vərdişlərə aludə olanda, erkən və qeyri-rəsmi nikahlarda, ailəyə ciddi münasibət  göstərməyən, sosial və mənəvi məsuliyyət hissi aşağı qadın və kişilər olanda, sağlamlıq imkanları məhdud uşaq doğulan və uşaqsız ailələrdə boşanma halları daha çoxdur.

 İnidiki halda artan boşanmalar, ailə daxilində şəxslər arasında  münasibətlərin pozulması, ailə münaqişəsi zəminində baş verən cinayətlər onu göstərir ki, ailəni qurmaq nə qədər məsuliyyətlidirsə, onu qoruyub saxlamaq bir o qədər də çətindir. Ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Əgər ailədə münasibətlər normal olarsa, o zaman, insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Əgər tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan (istər qadın, istər kişi, istərsə də uşaq olsun), cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşir.

Karantin dövründə hazırkı durumu qiymətləndirmək məqsədilə respondentlərə təqdim edilən sorğunun təhlili bir daha göstərdi ki, mühitdə, cəmiyyətdə baş verən hər bir hadisə bu və ya digər şəkildə ailəyə təsir edir. Bəşəriyyətin üzləşdiyi çətinliklər və gərginliklər ailə məsələlərini bir daha önə çıxarır və onun əhəmiyyətinin artırır. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadınlar və qızlar əziyyət çəkir. Sual oluna bilər ki, necə? Axı qadın ən etibarlı yerdə - öz evindədir. Adətən qeyd edirlər ki, qadınların əksəriyyəti yad insanlar tərəfindən zorakılığa məruz qalır. Onlar öz evlərində tamamilə müdafiə olunmuş şəxslərdir. Lakin reallıqda isə biz bunun əksinin şahidi oluruq. Belə ki, tədqiqatlar da sübut edir ki, qadınların əksəriyyəti məhz tanıdıqları insanlar tərəfindən zorakılığa məruz qalır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlilinə əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir. Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində  çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər 3 qadından biri nə  vaxtsa zorakılığa məruz qalmışdır, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. Bu qeyd etdiyimiz faktlar pandemiyadan əvvəl olan göstəricilərdir. 

Əlbəttə ki, COVİD-19-un qarşısını almaq üçün  sosial təcrid və karantin vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən vaxtın çatışmazlığından şikayət edən insanların indi ailələri ilə birgə olmaq üçün kifayət qədər zamanı var. Lakin digər tərəfdən ünsiyyət doyumluluğu, monotonluq insanların davranışlarına mənfi təsir göstərir. Fikirlərimiz respondentlərin cavablarını təhlil edərkən bir daha öz təsdiqini tapdı.

Karantin zamanı birgə vaxt keçirməyə münasibəti öyrənən zaman sorğuda iştirak edənlərin 58,2 %-i karantin dövründə ailəliklə gün boyu birlikdə olmaqdan” razı” olduqlarını, 40,6%-i “qismən razı” olduqlarını, 1,2% isə “razı olmadığını ” bildirmişdir. 

Respondentlərə verilən suallardan biri də  karantin zamanı onların birgə məşğuliyyəti idi. Belə ki, “Birlikdə keçirdiyiniz vaxtda əsasən nə edirsiniz?” sualına daha çox “birlikdə stolüstü oyunlar oynayırıq; TV-yə baxırıq”(37,4%), “uşaqların dərsləri ilə maraqlanır, onlarla birlikdə ev tapşırıqları edirik “(22,7%), “ailə-məişət işlərini birlikdə görürük” (18,2%) cavablarını vermişlər. Bu cavablardan da göründüyü kimi, insanlar öz ailə üzvləri ilə səmərəli vaxt keçirə bilərlər. Yetər ki, buna kifayət qədər vaxt olsun.

“Karantindən əvvəl və hazırda ailənizə olan münasibətdə hansı dəyişiklikləri qeyd edə bilərsiniz? “ sualına verilən cavabların təhlili isə göstərdi ki, işləyən qadın və kişilər əsasən vaxtın azlığından ailəsinə və uşaqlarının təhsilinə, inkişaf və tərbiyəsinə yetərincə vaxt ayırmadıqlarını bildirmişlər. Əlbəttə, bu ailə üzvlərinin bir-biri qarşısındakı məsuliyyətin olması məsələsini bir daha gündəmə gətirir. Hətta psixoloqlar qeyd edirlər ki, işləyən qadınlar,  həyat yoldaşına və övladlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün hər zaman özlərini daxilən narahat və ailə üzvləri qarşısında mənəvi olaraq borclu hiss edirlər. İmkan daxilində bu itkini əvəzləmək üçün boş vaxtlarından maksimum istifadə edirlər ki, həm həyat yoldaşını məmnun etsinlər, həm də uşaqların təlim-tərbiyəsi, təhsili ilə məşğul olsunlar. Belə ki, respondentlərin 36,4%-i əvvəl daha çox işlədiklərini, ailəsi ilə bir yerdə olmağa vaxtının qalmamasını bildirmişdir.

Respondentlərin 8,1%-i “əvvəl həyat yoldaşıma kifayət qədər vaxt ayıra bilmirdim”, 6,7%-i “əvvəl vaxtımın çoxu işə və dostlarıma sərf olunurdu, indi isə ailəmə, övladıma”, 6,9%-i “ həyat yoldaşımla, övladım və ya övladlarımla bu qədər səmimi ünsiyyətim olmamışdı” fikirlərini qeyd etmişlər. Bu cavablar bir daha göstərir ki, ailə üzvləri arasında ünsiyyət problemi mövcuddur.  Eyni zamanda, sürətli həyat tərzi, iş rejimi, sosial-iqtisadi proseslər ailə həyatına dolayısı – psixoloji (ər və arvadın fərdi xüsusiyyətləri, ailə münasibətlərinin xüsusiyyətləri və s.) təsir göstərir.

Ailədə uşaqların ata-ana ilə ünsiyyət tələbatı çox vaxt təmin olunmur. Belə ki, respondentlər əvvəl övladlarının maraq və məşğuliyyətlərini bu qədər yaxından müşahidə etmədiklərini (17,7%), və ya onların problemlərini bu qədər yaxından görə bilmədiklərini (7,9%) fikirlərini qeyd etmişlər. Uşaq, yeniyetmələr və gənclər ətrafındakı yaxınları ilə, yəni ailə üzvləri ilə danışmaq, ünsiyyət yaratmaq əvəzinə sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmağa üstünlük verir və uzun müddət virtual məkanda vaxt keçirirlər. Vaxt ötdükcə ailə üzvləri arasında münasibət soyuyur, onların arasındakı məsafə günbəgün çoxalır. Buna görə də heç olmazsa, ailənin hər bir üzvü –istər ata, istər ana, istərsə də uşaqlar üçün psixoloji rahatlıq yaradılmalıdır.

Diqqət çəkən məqamlardan biri də kişi və qadınların ev təsərrüfatı daxilində gördükləri işi dəyərləndirmələri idi. Belə ki, sorğuda iştirak edən kişi respondentlərin 37,7 %-i “arvadımın gün ərzində nə qədər zəhmət çəkdiyini bu qədər yaxından izləməmişdim”- deyə cavablandırmışlar ki, bu da bütövlükdə kişinin gün ərzində  qadının gördüyü işə verdiyi qiymətdir. Qadın respondentlərinin 14.6%- isə “ərimin bu qədər ailəcanlı, evə bağlı bir insan olduğunu bilmirdim” qeyd etmişdir. Ümumiyyətlə, elmdə “haqqı ödənilməyən əmək” anlayışı mövcuddur. Bu ev daxilində qadın və kişilərin gördükləri bütün işləri, hərəkət və davranışları özündə ehtiva edir.

Alimlər hesablayıblar ki, əgər qadınların bir il ərzində evdə gördükləri işin müqabilində onalara əmək haqqı verilsə idi, bu dövlətə milyonlarla vəsaitin xərclənməsi ilə  nəticələnərdi. Kişilərin 62,3%-i, qadınların isə 85,4%-i bu sualı  cavablandırmayıblar. Burada isə iki məqam ola bilər: ya çoxluq öz həyat yoldaşlarında bu keyfiyyətləri müşahidə etmirlər, ya da onların zəhmətini qiymətləndirməkdə o qədər də həvəsli deyillər. Bu isə ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin ədalətli bölgüsünün olmaması məsələləri önə çıxarır. Ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın  da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Digər tərəfdən kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var.

 Ailədaxili münasibətlərin tənzimlənməsi, ailədə baş verən mübahisələrin səbəbləri hər zaman aktuallıq kəsb etmişdir. Karantin dövründə isə bu aktuallıq daha da artır. Çünki, bir qayda olaraq, tədqiqatçılar bildirirlər ki, böhranlı vəziyyətlərdə hər zaman ailələrdə münaqişələrin sayı artır. Bu baxımdan da sorğunun müəyyən hissəsi karantin dövründə ailələrdəki vəziyyətin müəyyən edilməsinə həsr edilmişdir. Ailə daxilində şəxsi münasibətlərin tənzimlənməsi, ailədə baş verən mübahisələrin səbəbləri hər zaman aktuallıq kəsb etmişdir. Sorğunun müəyyən hissəsi  karantin dövründə ailələrdəki vəziyyətin müəyyən edilməsinə həsr edilmişdir. Sorğuda iştirak edənlərin 21,3%-i “adi vaxt daha tez-tez olurdu”, 25,7%-i “adi vaxtda biz heç vaxt mübahisə etməmişik, amma indi hərdən kiçik mübahisə olur”, 17,6%-i “bizdə mübahisə həmişə olur, istər adi vaxtda, istərsə də karantin dövründə”, 35,4%-i isə “bizim ailədə heç vaxt mübahisə olmayıb” deyə cavablandırıblar. Odur ki, ailədə meydana çıxan çətinliklərin vaxtında aydınlaşdırılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.

Ailədə yaşanan hər bir gərginlik, mübahisə, münaqişə uşaqlara təsir edir, bu təsir hətta uzunmüddətli olub, həyatı boyu da davam edə bilər. Sorğuda iştirak edənlər “Həyat yoldaşınızla olan münasibətlərinizin (gərginlik yaşandıqda) övladlarınıza təsiri ?” sualına əsasən bunu gizlətməyə çalışdıqlarını bildiriblər. Belə ki, respondnetlərin 78,8%-i “ailədə yaşanan gərginliyi mümkün qədər gizlədirəm” cavabını vermişdir. 21,2 % isə ailədə yaşanan gərginlik uşaqlara təsir göstərdiyini bildirmişdir. Ailədə birlikdə qərar vermək, digər ailə üzvlərinin, xüsusilə də həyat yoldaşının bu və ya digər sahədə fikrini öyrənmək həmin ailənin üzvlərinin bir-birinə bəslədiyi hörmətin, anlayışın göstəricisidir.

Respondentlərə təqdim olunan “ümumiyyətlə, həyat yoldaşınız sizin fikrinizlə hesablaşırmı?” sualına 47,3% “bəli, həmişə hesablaşır”, 41,5% “xeyir, hesablaşmır”, 11,2% isə “qismən, bəzi hallarda hesablaşır”  cavablandırmışlar. Burada da digər hesablama əsasında məlum olmuşdur ki, sorğuda iştirak edən kişi respondentlərin böyük əksəriyyəti, yəni 78,2%-i həyat yoldaşlarının onun fikri ilə həmişə, 19,5%-i bəzi hallarda hesablaşdığını bildirmişdir. Onların çox kiçik bir hissəsi, yəni 2,3%-i həyat yoldaşının onunla hesablaşmadığını bildirmişdir. Lakin qadın respondentlərin fikirləri fərqlidir. Belə ki, qadınların 22,1%-i həyat yoldaşlarının onun fikri ilə həmişə, 15,3%-i bəzi hallarda hesablaşdığını bildirmişdir. Onların əsas hissəsi isə, yəni 62,6%-i həyat yoldaşının onunla hesablaşmadığını bildirmişdir. Göründüyü kimi, qadınlar daha çox hesablaşan, kişilər isə daha çox  təkbaşına qərarverəndirlər. Bu da ailədə bərabərliyi pozur. Ailə daxilində şəxsi münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl və dayanıqlı inkişaf etməsi üçün hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

 Təhlilin nəticələri  bir daha göstərir ki, ailə daxilində zorakılıqdan heç kim sığortalanmayıb, ailənin hər bir üzvü zorakılığa məruz qala bilər. Lakin burada daha çox kimin zorakılığa məruz qalması məsələsi də önəmli məsələdir. Maraqlıdır ki, baxmayaraq ki, sorğuda iştirak edənlərin 65,7%-i zorakılıq halının baş vermədiyini bildirsə də, onların 68,7%-i “mənə”, 27,4%-i “valideynlərimə”, 3,9%-i isə “uşaqlara”  qarşı zorakılığın olduğunu qeyd etmişlər. Ayrılıqda isə qadın respindentlərin 68,2%-i, kişi respondentlərin  isə  15,1%-i isə zorakılıq hallarının onlara qarşı baş verdiyini qeyd etmişlər. Kişilərin 84,9%-i, qadınların isə 31,8%-i isə sualı  cavablandırılmamışdır.  Bir daha xatıratmaq istərdim ki, təqdiqatın əsas vektoru ailə daxilində şəxslər arasındakı münasibətin öyrənilməsi olduğu üçün burada zorakılığın daha çox mənəvi-psixoloji, emosional forması nəzərdə tutulur. Respondentlərin də fikirlərində bu məsələ bir daha təsdiqlənir. Belə ki, onlar bir-birini anlamaqda çətinlik çəkdiklərini, qarşılıqlı səbrsizlik nümayiş etdirdiklərini bildirmişlər. Lakin  zorakılığın digər formaları da qaçılmaz deyil. Belə ki, respondentlərin 14,4%-i maddi sıxıntını, 9,3%-i etik qaydalar qarşılıqlı pozulmasını (kobudluq, xəyanət, hörmətsizlik), 8,1%-i zərərli vərdişlərə aludəçiliyi (spirtli içkilər, narkotik maddədən istifadə etmək və s.),6,1%-i qısqanclığı ailədə mübahisələrin səbəbi kimi göstərmişdir ki, bu da zorakılığın digər formalarının baş verməsi hallarına əsas ola bilər. Patriarxal mədəniyyət, dünyagörüşü və stereotiplərin təsirindən yaranan “kişi hər zaman haqlıdır”, “onun istəyi əsasdır”, “kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və yalnış yanaşmalar bir çox hallarda zorakılığın əsasını təşkil edir.

Respondentlər “Çətin vəziyyətə düşdükdə kimə müraciət edirsiniz?” sualına əsasən valideynlərinə (51,3%), dost və ya rəfiqələrinə (35,6%) müraciət etdiklərini bildiriblər. Sorğuda iştirak edənlərin 9,7%-i yaxın qohumların, 3,4%-i isə psixoloqa müraciət etdiklərini bildiriblər. Bütövlükdə, respondentlərin 96,6%-i yaxın insanlara, ailə üzvlərinə müraciət edirlər ki, biz bunun acı nəticələrini, ağır fəsadlarını müşahidə edirik. İstənilən mübahisədə tərəf varsa, maraq varsa, orada məsələnin həlli obyektiv olması bir qədər çətin olur. Əfsuslar olsun ki, biz hələ də o stereotiplərin daşıyıcılarıyıq və inanırıq ki, bizi qanımızdan, canımızdan olan biri daha yaxşı qoruya bilər. Baş verən məişət zorakılığının səciyyəvi kriminoloji xüsusiyyətlərindən biri onların latentliyinin yüksək olmasıdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın  ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir.

 Lakin bununla yanaşı, son dövrlərdə vətəndaşlar dövlət qurumlarına müraciət edirlər.  Elə Komitəyə olunan ərizə və şikayətlərdə də buna rast gəlmək mümkündür. Bu fikirlərimizi sorğunun digər sualına verilən cavablarla da əsaslandıra bilərik. Belə ki, respondentlər “Ailədə problemlə üzləşsəniz kimin köməyinə arxalanarsınız?” sualına cavab olaraq daha çox özünə (34,1%), valideynlərinin (28,7%) köməyinə arxayın olduqlarını bildirmişlər. Ümumilikdə 37,2% dövlətə (25,3%) və hüquq- mühafizə orqanlarının (11.9%) köməyinə arxayın olduqlarını bildirmişdilər.  Artıq vətəndaşalar problemlərini hüquqi müstəvidə həll edilməsinə üstünlük verirlər. Çünki ancaq bu halda o özünü tam müdafiə olunmuş hesab edə bilər.

Fövqalədə vəziyyətdə, böhranlı dövrdə  vahid fəaliyyət proqramına ehtiyac yaranır. Belə bir proqramın olması ailə institutumuzun qorunması və daha da möhkəmləndirilməsi, xüsusilə də zorakılığa məruz qalan qadın və qızların müdafiə olunması baxımından əhəmiyyətlidir.

 

AQUPDK İnformasiya və analitik-araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova